Ali məktəblərə qəbul olan tələbələrin iki gündən sonra müvafiq universitetlərə qeydiyyat prosesi başlayacaq.
Qeydiyyat hansı formada aparılacaq, tələbələrin və onların valideynlərinin qeydiyyat üçün öncədən Bakıya və digər şəhərlərə, universitetlərə gəlməsinə ehtiyac varmı?
Xatırladıram ki, uzun illər tələbə qeydiyyatı həm elektron formada ETN portalında, həm də paralel olaraq universitetdə kağız sənədlər toplamaqla aparılmışdı.
Lakin artıq 3 ildir ki, bu paralelçiliyə son qoyulub. Bir neçə il öncə ETN, İRİA və AzTU kağız sənədlərin toplanmasına son qoyulması təşəbbüsü ilə çıxış etmişdilər.
Hazırda ölkə üzrə ali məktəblərə qəbul olan bütün tələbələrin qeydiyyatı tam olaraq elektron formada, yalnız ETN-nin rəqəmsal resursunda, portal.edu.az-da aparılır.
Tələbələrdən heç bir kağız sənəd tələb olunmur, onlar öz hesablarına daxil olaraq tələb olunan bütün sənədləri-məlumatları öz şəxsi kabinetində görür və onları sadəcə təsdiq edirlər.
Universitetlərin paralel qeydiyyat aparması, kağız sənədlər, xüsusilə də attestat tələb etməsi, arayışlar istəməsi qadağandır.
Universitet rəhbərliyinin səlahiyyət verdiyi şəxslər yeni tələbələrlə bağlı zəruri datanı ETN portalına giriş etməklə əldə edə bilirlər.
Ötən illərdə apardığımız monitorinqlər göstərib ki, az sayda olsa da, bəzi universitetlər paralel qeydiyyat təşkil etmiş, hətta qeydiyyat üçün tələbələrdən kağız sənədlər tələb etmişdilər.
Xatırlayıram ki, nazir Emin Əmrullayev bunun yolverilməz olmasını açıqlamışdı.
Görəsən bu il paralel qeydiyyat aparan, kağız sənədlər, attestatlar tələb edən universitetlər olacaqmı?
Müşahidələr göstərir ki, hələlik universitetlər öz sosial resurslarında tələbələri qeydiyyat üçün ETN portalına yönəldirlər.
Ümid edirəm paralel və kağız formada qeydiyyatla rastlaşmayacağıq. Biz bununla bağlı monitorinqləri davam etdirəcəyik. Medianın da bu məsələni gündəmdə saxlaması faydalı olardı.
Diqqət!
Bir daha təkrar edirik ki, tələbələrin universitetlərə qeydiyyatı YALNIZ portal.edu.az rəqəmsal platformasında aparılır.
Universitetlərin kağız formada sənədlər, attestat, hansısa arayışlar və s. tələb etməsi qadağandır.
P.S. Xatırladıram ki, qanunvericilikdə təhsil sənədlərinin (diplom, attestat və s.) rəqəmsal formaya keçirilməsi nəzərdə tutulsa da, hökumət müvafiq Qaydaları təsdiqləmədiyindən ETN hələlik bunu reallaşdıra bilməyib.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru