UFC tarixinin əfsanələrindən sayılan Dieqo Sançesin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 2025-ci ilin iyul ayında baş verən səs-küylü insidentə görə mühakimə olunan məşhur idmançı həbsxanaya düşməkdən son anda xilas ola bilib.
Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, hakimin qərarı ilə Sançesə beş illik sınaq müddəti və 800 saatlıq ictimai iş cəzası təyin edilib. Dövlət ittihamçısı sabiq döyüşçünün iki il müddətinə azadlıqdan məhrum olunmasını israrla tələb etsə də, məhkəmə daha yüngül cəzaya üstünlük verib.
Xatırladaq ki, Dieqo Sançesin həbsinə 2025-ci ilin iyulunda Albukerke magistralında yaşanan yol-nəqliyyat hadisəsi zamanı avtomobilinin pəncərəsindən silahla atəş açması səbəb olmuşdu. Məhkəmə zalında ifadə verən idmançı əməlinin heç kimə zərər yetirmək məqsədi daşımadığını vurğulayaraq, bu addımını kobud səhv kimi qiymətləndirib.
Çıxarılan hökmə əsasən, Sançes gələcək 10 il ərzində hər hansı odlu silaha sahib olmaq hüququndan rəsmən məhrum edilib. Bundan əlavə, təyin olunmuş şərti cəza müddətində idmançının bütün davranışları hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında olacaq.
Qeyd edək ki, Dieqo Sançes uzun illər ərzində UFC-nin ən xarizmatik və sərt döyüşçülərindən biri kimi tanınıb. O, həmçinin təşkilat tərəfindən keçirilən ilk "The Ultimate Fighter" realiti-şousunun qalibi kimi tarixə düşüb.
