Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə törədilən silahlı hücumla bağlı yeni detallar ortaya çıxıb.
Medianews.az xəbər verir ki, hücumu həyata keçirən İsa Aras Mersinlinin sinif yoldaşı G.İ. onun davranışları barədə diqqətçəkən açıqlamalar verib.
Şagirdin sözlərinə görə, Mersinli tez-tez qəribə və narahatedici hərəkətlər edirdi: “Dərsdə bir şeyə əsəbiləşəndə qələm ilə əlini, qolunu deşirdi, partası qan olurdu. Çantası belə qan içində qalırdı. Hətta özünü boğmağa çalışdığı hallar da olub”.
G.İ. bildirib ki, hücum edən şagirdin yaxın dost çevrəsi olmayıb və psixoloji problemləri olduğu hiss edilirdi. Onun tez-tez dərsdə ağladığı, müəllimlərin isə onu dəfələrlə psixoloq yanına apardığı qeyd olunub.
Sinif yoldaşının iddiasına görə, Mersinli hücumdan bir neçə gün əvvəl bəzi şagirdlərə silahla məktəbə hücum edəcəyini dediyini bildirib. Lakin bu sözlər ciddi qəbul edilməyib və zarafat kimi qiymətləndirilib.
Xatırladaq ki, hücum zamanı şagird atasına məxsus silahlarla məktəbə daxil olaraq 8 şagird və 1 müəllimi qətlə yetirib. Hadisədən sonra məktəbə gələn insanlar əraziyə gül və qərənfillər qoyur, həyatını itirənlərin xatirəsinə qeydlər buraxırlar.
Medianews.az

