Medianews.az
Türkiyə və Azərbaycanın arasına girmək istəyənlər var, ayıq olaq -
90 baxış

Türkiyə və Azərbaycanın arasına girmək istəyənlər var, ayıq olaq - ŞOK FAKTLAR

Çox qəribədir, son zamanlar dünyada nə baş verirsə, ya orada azərbaycanlılar zərər çəkir, həlak olur, maddi problemlər yaşayır, ya da ölkəmizə qarşı çirkin təbliğat işə salınır. İsrail və ABŞ İrana zərbələr endirəndə də Azərbaycanın adı heç bir əsas olmadan, qərəzli şəkildə hallandırılır, Avropanın ayrı-ayrı təşkilatları, hətta ölkəmizin qapısını üzlərinə çırpdıqları da az qala hər fəsildə anti-Azərbaycan qərarlar qəbul edir, mövqelər sayıqlayırlar...Hətta bir-birinə düşmən olanlar da Azərbaycan məsələsində birləşirlər, vahid mərkəzdən çıxış edirlər...

Bu günlərdə İsrail hökumətinin “erməni soyqırımı”nın rəsmən tanınmasını nəzərdə tutan qətnaməni təsdiqləməsindən sonra da “günahkar” tapıldı, Azərbaycan. Bəziləri məqsədli şəkildə Türkiyə və Azərbaycanın arasına girməyə, suları bulandırmağa, ortalığı qarışdırmağa çalışırlar, bu, məlum. Bəzi qüvvələr də bununla daha böyük təxribatçı planların icrası üçün iş başındadırlar. Bölgədə sülhün bərqərar olunması, təhlükəsizliyin mövcudluğu istiqamətində qətiyyətli siyasət yürüdülür və bu prosesdə Azərbaycanın diqtəedici rolu aydın görünür, bir sıra beynəlxalq platformalarda təqdir olunur. Amma bu vəziyyəti özləri üçün qəbuledilməz sayanlar nəyin bahasına olursa-olsun təfriqə yaratmağa çalışırlar.

Azərbaycan Türkiyə ilə qardaşlığı prioritet olaraq elan edib. Üstəlik, “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır”. Daha bundan üstün hansı əlaqə, hansı mövqe ola bilər?

1b168b8a-505b-3da4-ae83-b0f5b94f0d58_1200.jpg (263 KB)

Digər tərəfdən, azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu Azərbaycan və İsrail prezidentləri arasındakı görüşlərdə daim vurğulanıb, Bakı – Təl – Əviv münasibətləri də qarşılıqlı hörmətə əsaslanıb. Amma Azərbaycan dövlətinin beynəlxalq hüquqa əsaslanan kristal yanaşması heç vaxt dəyişməyib. Azərbaycan Prezidenti İlham Əliyev İsrail - Fələstin münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT qətnamələrinə əsasən, paytaxtı Şərqi Yerusəlim olan “iki dövlət prinsipi” əsasında sülh yolu ilə həllini daim dəstəkləyib və hər iki münaqişə tərəfi ilə görüşlərdə rəsmi Bakının bu mövqeyi bəyan edilib.

Üstəlik, bütün beynəlxalq platformalarda Azərbaycanın rəsmi şəxsləri Yaxın Şərqdəki gərgin vəziyyətdən, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələrinin kritik səviyyəyə çatmasından dərin narahatlıqlığını bəyan edib, tərəfləri sülhə çağırıb.

İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan müsibətlər yaşayan Qəzza sakinləri ilə həmrəyliyini daim ifadə edib, zorakılığa son qoyulması, qeyri-bərabər gücdən istifadənin dayandırılmasını istəyib, mülki şəxslərin həyatlarını itirmələrini qətiyyətlə pisləyib, baş verənləri beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması kimi qiymətləndirib.  Azərbaycan Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları, eyni zamanda Fələstində 600 şagirdlik məktəbin inşasına vəsait ayırıb. Bundan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstəyin göstərilməsi istiqamətində hər zaman təşəbbüsləri ilə fərqlənib. İndi sualımız Azərbaycana qarşı qərəzli çıxışlar edənlərədir: ölkəmiz başqa nə etməlidir, əlinə silah alıb döyüşməlidirmi?..Digər tərəfdən, bir sıra hallarda İsrailin Qəzzada apardığı əməliyyatlara Fələstin hökumətindən belə etirazlar görmürük, bizdən nə istəyirsiniz?!

Vaxtilə Fələstin lideri Yasir Ərafatın erməni rəsmiləri ilə görüşləri və onlarla səmimi münasibətlərinə dair o qədər faktlar yayılırdı ki, saymaqla bitən deyil, bəs, buna nə deyirsiniz?

İnternetdə axtarışlar apararkən “Azərbaycan" qəzetinin 1997-ci il, 10 dekabr tarixli sayında çox maraqlı məlumata rast gəldim. Materialda Yasir Ərəfatla mərhum Prezident Heydər Əliyevin görüşündən bəhs olunur.  Ərəfatın “Sizinlə köhnə dost kimi mehribanlıqla görüşməkdən hədsiz məmnunluq duyuram. Cənab Prezident, Siz həmişə mənim qəlbimdəsiniz. Problemlərimizə göstərdiyiniz diqqəti biz heç vaxt unutmarıq”, sözlərinin qarşılığında Ümummilli Liderin cavabı belə olur və çox qiymətli faktları xatırladır.

Sitat: “Hörmətli Fələstin rəhbəri cənab Ərəfat, mən də Sizinlə görüşdən məmnun qaldığımı bildirirəm. Keçmiş Sovetlər İttifaqının rəhbərlərindən biri olarkən də, indi Azərbaycanın prezidenti kimi də mənim bu barədə mövqeyim daimidir. Mən xatırlayıram ki, 16-17 il bundan əvvəl İranda vəziyyət ağır idi. Oraya təyyarə ilə getmək mümkün deyildi. Siz Azərbaycana gəldiniz. Biz İrandakı vəziyyət haqqında xeyli söhbət etdik. Mən sizi Bakıdan avtomobillə İrana yola saldım. O vaxt siz İran ilə İraqı barışdırmaq istəyirdiniz. Mən 1984-cü ildə Moskvada işləyirdim. Siyasi Büronun üzvü idim. O zaman fələstinliləri Livandan çıxartdılar. Siz Misirə getdiniz, mən Dəməşqə gəldim, prezident Hafiz Əsədlə saatlarla danışıq apardım ki, Yasir Ərəfatla Hafiz Əsəd mütləq barışmalıdırlar”.

download (43).jpg (89 KB)

Dialoq daha sonra belə davam edir: 

Yasir Ərəfat: Bildirirəm ki, həmin günləri mən çox yaxşı xatırlayıram və cənab prezident, göstərdiyiniz diqqətə görə Sizə minnətdarlıq edirəm.

Heydər Əliyev: Nəzərə çarpdırıram ki, Azərbaycan Fələstinin dostudur. Müstəqil Azərbaycan Respublikası Fələstin xalqının qəhrəmanlıq mübarizəsini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.

Yasir Ərəfat: Vurğulayıram ki, biz Azərbaycanın dəstəyini həmişə hiss etmişik. Biz bununla fəxr edirik və bundan qüvvət, güc alırıq. Biz azərbaycanlılarla fələstinlilərin tarixi dostluq əlaqələrinin böyük əhəmiyyətini qeyd etməklə yanaşı, bu münasibətlərin daha da yaxşılaşdırılmasının vacib olduğunu vurğulayırıq”.

Diqqət edin, Azərbaycanın ən ağır günləri, torpaqlarımız işğalda, hər tərəfdən basqılar, amma dövlətimiz prinsiplərinə sadiq qalır və açıq mövqe ifadə edir Fələstinin taleyi ilə bağlı. Üstəlik, bu faktlar həm də onu deyir ki, Azərbaycan rəhbərliyi hətta ölkəmizin müstəqil olmadığı illərdə belə, Fələstin xalqının taleyinə biganə qalmayıb. Bir dövlət, bir lider, bir xalq daha bundan artıq nə etməlidir ki?! Ancaq bu məsələyə münasibətdə biz həm Sovet Azərbaycanının, həm Azərbaycan Respublikasının, həm Prezident İlham Əliyevin, həm də Prezident İlham Əliyevin prinsipial mövqeyini görürük. Özü də bu mövqelər Fələstin tərəfdən təsdiq və təqdir olunursa, ortalığı qarışdırmaq istəyənlərin məram-məqsədi nədir?!

İndi gəlin görək Fələstin hökuməti Azərbaycana münasibətdə hansı addımları ilə yadda qalıb?  

Azərbaycan da uzun illər ərzində işğala, təcavüzə, terrora məruz qalıb. Bəlkə Fələstin hökumətindən işğalçı Ermənistana etirazlar olub, xəbərimiz yoxdur? Bəlkə nə vaxtsa Fələstin rəsmən Xocalı soyqırımını tanıyıb...Axı, Xocalıdakı uşaqlar da Qəzzadakı uşaqlar kimi məsum, günahsız idilər. Xocalı sakinlərinin yeganə “günah”ı türk olmaları idi...Dünyanın ayrı-ayrı ölkələri ötən əsrin ikinci yarısında Osmanlını “soyqırım”da ittiham edəndə erməni terrorçularının bir qismi elə Fələstin və Livandakı düşərgələrdə təlim keçirdi, türk diplomatlarına qarşı terror aktları törədirdilər. Kimsə unudubsa, biz unutmamışıq...Bəlkə həmin muzdlu döyüşçü-terrorçulardan kimsə Fələstində mühakimə olunub...

Ötən ilin iyununda Fələstin Prezidenti Mahmud Abbas 19-cu hökumətin tərkibində dəyişiklik edərkən Varsin Ohannes Vartan Aqabekyanı Fələstinin Xarici İşlər və Diaspor üzrə Naziri vəzifəsinə təsdiqlədi və bu vəzifəni tutan ilk erməni oldu. Bu faktın üzərində dayanmazdıq, Aqabekyan bir neçə kitabında separatçı “erməni hərəkatı”nı dəstəkləməsəydi...Fələstin hökumətinin onun dosyesindən xəbəri yox idimi? Bakı Fələstinə milyonlar ayıranda, humanitar yardım göndərəndə “təşəkkür”ü belə oldu...

XİN SON.jpg (111 KB)

İndi qayıdaq Azərbaycan XİN-in İsrail hökumətinin qərarına münasibətinə. “İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur. 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir. Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur. İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq”, XİN-in açıqlamasında deyilir. Həmçinin vurğulanır ki, Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək.

Bəs deyilmi? Rəsmi mövqe daha necə olmalıdır? Bu açıqlamanın kifayət qədər yetərli olduğunu qəbul edən ciddi çevrələr var, sözsüz ki...Xüsusilə də Şuşa Bəyannaməsi ilə tarixi qardaşlığımızı və müttəfiqliyimizi bir daha təsdiqlədiyimiz qardaş ölkədən gələn ciddi, samballı reaksiyalar dedi-qodulara tutarlı cavabdır. Elə bu sətirləri yazarkən Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın parlamentdəki çıxışı yayıldı. “İsrail hökumətinin 1915-ci il hadisələri ilə əlaqəli sözdə “erməni soyqırımı” iddialarını tanıma yönündəki qərarını şiddətlə qınayır və qəti şəkildə qəbul etmirik”, deyən Şamil Ayrım bu qərara ilk və ən qəti diplomatik təpkini ortaya qoyan can Azərbaycana təşəkkürünü parlament tribunasından dilə gətirib və ölkəmizin mövqeyini təqdir edib. Belə rəylər saysızdır, həm rəsmilər, həm deputatlar, həm də sadə vətəndaşlar tərəfindən Azərbaycana təşəkkürlər ünvanlanır. Əslində Azərbaycan təşəkkür üçün mövqe bildirmir heç zaman. Necə ki, 12il əvvəl, 2014-cü ildə Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan plenar iclasda Ermənistan prezidenti Serj Sərkisyan öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddialar həsr edən zaman Prezident İlham Əliyev “TÜRKİYƏ BURADA YOXDURSA, MƏN BURADAYAM”, deyərək çox ciddi arqumentlərlə Sərkisayan daxil, bütün türk düşmənlərini susdurmuşdu. Türk ailəsinin hər bir üzvünün təəssübünü çəkməyi, maraqlarını qorumağı əsas vəzifəmiz hesab edirik, sadə vətəndaşdan, ən yüksək səviyyəyədək... İsrailin qondarma “erməni soyqırımı” ilə bağlı qərarı regionda normallaşma prosesinə zərbə vurur! Təsəvvür edin ki, hətta Ermənistan rəhbərliyi də nümayişkəranə şəkildə bu qərarı müdafiə edə bilmir, çünki münasibətlərin bərpası üçün əldə olunan tarixi razılaşmaların üstündən xətt çəkilə bilər. İrəvan Ankaradan sərhəd qapılarını açmağı gözləyir, Azərbaycan Ermənistanın üzünə tranzit yolunu açıb, Vaşinqtonda paraflanan sülhün imzalanması istiqamətində proses gedir. Belə bir məqamda İsrail hökuməti saxta, heç bir əsası olmayan iddiaları gündəmə gətirir. O iddialar ki, kökündə Türkiyənin tarixdə olmayanlara görə... ermənilərə təzminat ödiləməsi və ərazi güzəştləri tələbi dayanır...Azərbaycan yenə də MƏN VARAM deyir...Çünki Türkiyəyə qarşı iddia və ittihamları həm də özünə qarşı hesab edir.

VASİN SON.jpg (129 KB)

İndi görək Azərbaycanın və Türkiyənin hər zaman müdafiə, himayə etdiyi Fələstin hökumətinin saxta “soyqırım” qərarı ilə bağlı İsrailə etirazı varmı? Hər halda, bu yazıya qədər yoxdur, bəlkə heç olmayacaq da...Niyə Azərbaycanın etiraz bəyanatına zərrəbinlə baxanlar görəcən niyə bu faktı görməzdən gəlirlər? Azərbaycan İsrail hökumətinin qərarına etiraz edən iki dövlətdən biri, bu məsələdə Türkiyəyə açıq dəstəyini rəsmi bəyanatla ifadə edən yeganə ölkədirsə, bu, onun suçudurmu? Əslində biz hücumu başqa istiqamətdən gözləyirdik: on illərdir Türkiyəni Avropa İttifaqının kandarına buraxmaq istəməyən, quruma üzvlük üçün qondarma “erməni soyqırımı”nı tanımasını da şərt olaraq Ankaranın qarşısına qoyanlardan, saxta “soyqırım”ı tanımaq azmış kimi, tanımaq istəməyənlərə də cəza qanunu qəbul edənlərdən...

Azərbaycan XİN-in bəyanatı Ankara-Bakı strateji müttəfiqliyinin və “Bir millət, iki dövlət” prinsipinin növbəti praktik təzahürü olaraq qiymətləndirilməli olduğu halda, Bakının mövqeyinə dodaq büzənləri anlamaq olmur. Qardaş ölkədə Azərbaycanı “İsrail yanlısı” kimi təqdim etməyə çalışan və “müsəlman həmrəyliyi” arqumenti ilə Bakını tənqid edən, araya təfriqə salan dairələr kimin maraqlarına xidmət edirlər, bir düşünsünlər! Türkiyənin son illərdə Fələstin məsələsində İsraillə münasibətlərini gərginləşdirməsinə və Fələstinə güclü siyasi-diplomatik dəstək verməsinə baxmayaraq, İsrailin qondarma “erməni soyqırımı” qərarı fonunda Fələstin tərəfindən Ankaranı dəstəkləyən analoji rəsmi mövqe müşahidə olunmayıb, barı bundan danışsınlar!

Baxmayaraq ki, Azərbaycan və İsrail arasında hər zaman normal əlaqələr olub, amma dövlətimiz İrana qarşı hərbi əməliyyatlarda da bütün imkanlarını səfərbər edərək müharibənin maksimum tez dayandırılması, dinc sakinlərin əziyyət çəkməməsi, danışıqlara başlanılması istiqamətində hərəkətə keçdi, çağırışlar etdi. Üstəlik, Bakının evsahibliyi ilə həm İran – İsrail, həm də Türkiyə - İsrail danışıqlarına təşəbbüslər göstərildi. Bütün bunlar Azərbaycanın ortaya qoyduğu ədalətli mövqe, nümunəvi dövlət siyasətidir. Bu siyasət həm regional sülhə xidmət edir, həm də təhülkəsiz dünyamızın mövcudluğu baxımından əhəmiyyətlidir. Ona görə də lütfən, bir az insaf və ədalətiniz olsun, yaxşı ilə yamanı ayırd etməyə çalışın, mərdi qova-qova namərd etmək xətti ciddi yanlışlıqdır! “Bir millət, iki dövlət”in birliyini sarsıtmağa yönəlik mövqelər yerindəcə susdurulmalıdır! Zəngəzur dəhlizini tikən, Turan yolunu açan, Türk Dövlərlər Təşkilatının iki əsas sütun dövlətinin arasında küləklər əsdirməklə bizi bölmək istəyirlər, lütfən, ayıq - sayıq olaq!

Elşad PAŞASOY 

Bizə qoşulun