“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından sonra Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı heç bir problem olmayacaq”.
Medianews.az xəbər verir ki, bunu Türkiyənin Akyaka bələdiyyəsinin sədri Ərdügər Toptaş Ermənistanın “Armenpress” agentliyinə deyib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı və Nəqliyyat Nazirliyinin koordinasiyası ilə sərhəd-keçid məntəqələrinin və sərhədin dəmir yolu infrastrukturunun açılması üçün hazırlanması işlərinə artıq başlanılıb.
Bələdiyyə sədrinin sözlərinə görə, sərhədin bağlı olması və bunun hazırda dəmir yolunun fəaliyyətinə ən ciddi maneə olması ilə yanaşı, infrastrukturun da bərpa olunmasına ehtiyac var. Toptaş vurğulayıb ki, hazırda Akyaka-Gümrü dəmir yolunun infrastrukturunun bərpası üçün tikinti işləri aparılır, bu, 2-3 ay ərzində başa çatacaq.
O söyləyib ki, başlayan tikinti işləri həm də Ermənistan-Türkiyə sərhədinin açılmasına hazırlıqdır:
“Akyakdan Gümrüyə gedən quru yolu üçün tender artıq elan edilib, bu yöndə də işlərin başlayacağını gözləyirik. Bu, hökumətlərimizin mehriban qonşuluq və dostluq münasibətlərini təşviq etmək siyasətinin bir hissəsidir”.
Ərdügər Toptaş hesab edir ki, Ermənistan-Türkiyə sərhədinin açılması hər iki ölkəyə iqtisadi cəhətdən fayda verəcək, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlıq üçün də geniş imkanlar var:
“Prezidentimiz və Ermənistan lideri (Nikol Paşinyan) dövlət siyasəti ilə bağlı düzgün qərarlar qəbul etdikdə, inanırıq ki, bölgə bundan faydalanacaq. Əminəm ki, həm Ermənistan, həm də Türkiyə sərhədlərin açılmasından və sərhədlərin açılmasından sonra yaranacaq iqtisadi əməkdaşlıqdan böyük fayda əldə edəcək”.\\Teleqraf