Medianews.az
Tramp: “Ramazan şəfqət və mərhəmət ayıdır”
83 baxış

Tramp: “Ramazan şəfqət və mərhəmət ayıdır”

ABŞ Prezidenti Donald Tramp Ramazan ayı ilə bağlı Amerika müsəlmanlarına müraciət edib. Tramp bununla bağlı mesaj yayımlayaraq Ramazanın mənəvi əhəmiyyətindən bəhs edib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bildirib ki, Ramazan bir çox amerikalı üçün müqəddəs və əlamətdar bir dövrdür. Bu ay şəfqət, mərhəmət, xeyirxahlıq və təvazökarlıq kimi ümumi dəyərləri daha da gücləndirir.

ABŞ Prezidenti mesajında Ramazanın mənəvi yenilənmə və düşüncə ayı olduğunu vurğulayıb. O bildirib ki, bu müqəddəs vaxt insanlar üçün Tanrının nemətlərinə şükür etmək, dua və oruc vasitəsilə mənəvi saflıq qazanmaq, eyni zamanda ailə və icma bağlarını möhkəmləndirmək imkanı yaradır.

ABŞ Prezidenti əlavə edib ki, sərbəst ibadət hüququ Amerika xalqının əsas dəyərlərindən biridir. Onun sözlərinə görə, administrasiya bütün vətəndaşların öz dini inanclarını azad şəkildə yerinə yetirməsini təmin etməyə çalışır.

Mesajın sonunda Tramp Ramazan ayının evlərə xoşbəxtlik və əmin-amanlıq, dünyaya birlik və sülh, qarşıdakı ilə isə firavanlıq gətirməsini arzulayıb.

Medianews.az

Bizə qoşulun