ABŞ Prezidenti Donald Tramp İran limanlarına daxil olan və ya buradan çıxan gəmilərə qarşı planlaşdırılan dəniz blokadası ilə bağlı bildirib ki, digər ölkələr də İranın neft satışının qarşısını almaq üçün prosesə qoşulur.
Medianews.az xəbər verir ki, Donald Tramp Merilend ştatındakı Endryus hərbi hava bazasında jurnalistlərə açıqlama verib.
O, Hörmüz boğazı ilə bağlı vəziyyətin ABŞ üçün müsbət istiqamətdə inkişaf etdiyini və İranla əldə olunan müvəqqəti atəşkəsin qüvvədə qaldığını deyib.
Onun sözlərinə görə, blokada Bakı vaxtı ilə saat 18:00-da başlayacaq və bu addımın effektiv olacağı gözlənilir. Tramp həmçinin ABŞ-nin böyük enerji ehtiyatlarına malik olduğunu vurğulayaraq, digər ölkələrin Hörmüz boğazından asılı olmadığını iddia edib.
Tramp İranın nüvə məsələsində geri addım atmadığını bildirərək, Tehranın çətin vəziyyətdə olduğunu qeyd edib və danışıqlara qayıdıb-qayıtmamasının onun üçün əhəmiyyətli olmadığını deyib.
Qeyd edək ki, ABŞ və İran arasında son danışıqlar 11 aprel tarixində Pakistan vasitəçiliyi ilə İslamabadda keçirilmişdi. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına yönəlik dəniz blokadası qərarını açıqlayıb.
Medianews.az