Medianews.az
Töhmət alan məmurlardan hansı işini itirib?
154 baxış

Töhmət alan məmurlardan hansı işini itirib?

Tanınmış məmur intizam tənbehinə məruz qalanda, yəni töhmət və ya şiddətli töhmət alanda cəmiyyətdə həmin şəxsin işini itirə biləcəyi düşüncəsi də dolaşmağa başlayır.

Lakin intizam tənbehi məmura, necə deyərlər, özünü yığışdırmaq məqsədilə verilir, işdən çıxarmaq niyyəti olsa, təbii ki, qərar qəbul edən tərəf bunu hər hansı tənbehə əl atmadan da reallaşdıra bilər, çünki intizam tənbehi məmuru vəzifədən uzaqlaşdırmaq üçün vacib bir şərt deyil.

Medianews.az saytı son illərdə töhmət və ya şiddətli töhmət almış məmurlardan hansının işini itirdiyi ilə maraqlanıb.

Töhmət aldığı ictimaiyyətə açıqlanan ən son məmur Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevdir.

Fevralın 17-də yayılan rəsmi xəbərə görə, Adil Əliyevə töhməti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov elan edib. Töhmətin əsas səbəbi kimi Suraxanıda sanitar təmizlik problemləri, rayonun bəzi qəsəbələrinin paytaxt standartlarından geri qalması göstərilib.

Adil Əliyev 2024-cü ilin iyul ayının 8-dən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Prezident İlham Əliyev 2017-ci il avqustun 21-də Azərbaycan Respublikası Prezidentinin işlər müdiri Oqtay Şahbazova xidməti vəzifəsinin icrasında yol verdiyi nöqsana görə töhmət elan edilməsi haqda sərəncam imzalayıb.

2016-cı il yanvarın 15-dən işlər müdiri olan Oqtay Şahbazov 2021-ci il yanvarın 26-da bu vəzifədən azad edilib.

Prezidentin töhmət elan etdiyi digər məmur İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov olub. Ona töhmət 2020-ci il aprelin 21-də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə verilib.

Nahid Bağırov 2020-ci il martın 5-dən İsmayıllının icra başçısıdır.

Dövlət başçısı 2021-ci il iyunun 17-də “Azərbaycan Televiziya və Radio Verilişləri”nin sədri Rövşən Məmmədova xidməti vəzifəsinin icrasında yol verdiyi ciddi nöqsana görə şiddətli töhmət elan edilməsi haqda sərəncam imzalayıb.

Rövşən Məmmədov 2019-cu ilin 4 sentyabrından Azteleradionun sədridir.

Prezident İlham Əliyev 2022-ci il mayın 13-də işdə yol verdiyi nöqsanlara görə iki məmura töhmət elan edib: Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevə və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevə.

Anar Tağıyev 2019-cu il oktyabrın 31-dən Yevlaxın, Alı Alıyev 2011-ci il fevralın 25-dən Füzulinin icra başçısıdır.

Dövlət başçısı 2024-cü ilin 5 oktyabrında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilməsi haqda sərəncam imzalayıb. Balababa Rzayev bu intizam tənbehinə 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə məruz qalıb.

Balababa Rzayev 2018-ci il sentyabrın 4-dən “Azərenerji”nin prezidentidir.

2025-ci ildə ölkə rəhbəri iki məmura şiddətli töhmət elan edilməsi haqda sərəncamlar imzalayıb. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev şiddətli töhməti işində yol verdiyi nöqsanlara görə martın 4-də alıb. Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə isə şiddətli töhmət işində yol verdiyi ciddi nöqsanlara görə avqustun 28-də elan edilib.

Fuad Nağıyev 2018-ci il aprelin 23-dən Dövlət Turizm Agentliyinin sədri, Orxan Hüseynzadə 2024-cü il noyabrın 1-dən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısıdır.

Medianews.az

Bizə qoşulun