Medianews.az
Süni intellekt dəhşət saçır -
105 baxış

Süni intellekt dəhşət saçır - İnsanlar TƏHLÜKƏDƏ!

Süni intellekt ən təhlükəli mərhələyə keçib.

Bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov “Yeni Sabah”a açıqlama verib.

Onun sözlərinə görə, günümüzdə artıq süni intellektin foto və video manipulyasiyası texnologiyanın ən təhlükəli mərhələlərindən birinə keçdiyini göstərir:

“İnsanlar təkcə şəkillərin rəngini və strukturunu dəyişmir, həm də sübut kimi təqdim olunan görüntülərə müdaxilə edərək real hadisələri saxtalaşdıra bilirlər. Bu, həm fırıldaqçılıq hallarını artırır, həm reputasiya, həm də hüquqi proseslər üçün ciddi risk yaradır. Xüsusilə sosial şəbəkələrdə yayılan manipulyasiya olunmuş fotolar insanların düşüncəsinə təsir edir, yanlış informasiya doğurur və ictimai rəyə müdaxilə imkanlarını genişləndirir”.

E.Abbasov bildirib ki, gerçək foto ilə süni şəkildə dəyişdirilmiş görüntünü ayırd etmək bu gün adi istifadəçi üçün getdikcə çətinləşir:

“Çünki generativ modellər fotodakı işıq, kölgə, tekstura və hətta insan dərisinin mikrodetallarını belə çox real şəkildə imitasiya edə bilir. Buna görə də artıq təkcə “gözlə yoxlamaq” kifayət deyil, texniki təsdiq mexanizmləri vacibdir”.

“Hazırda istifadə edilə bilən bəzi yoxlama vasitələri mövcuddur: Foto Forensics, Microsoft Video Authenticator, Hive Moderation, Reality Defender kimi alətlər görüntünün manipulyasiya edilib-edilmədiyini müəyyənləşdirməyə kömək edir. Bununla yanaşı, aparıcı şirkətlər foto və videolara “orijinallıq sertifikatı” əlavə edən Content Credentials standartını genişləndirirlər. Bu, yaxın illərdə məzmunun mənbəyinin və dəyişiklik tarixçəsinin avtomatik görünməsini təmin edəcək”, - deyə o bildirib.

Ekspert həmçinin əlavə edib ki, süni intellektlə manipulyasiya edilən vizual materiallar cəmiyyət üçün real risklər doğurur:

“İnsanların bu sahədə maariflənməsi, şirkətlərin isə texnoloji müdafiə mexanizmlərini gücləndirməsi vacibdir. Bu proses idarə olunan olarsa, süni intellekt təhlükə deyil, daha etibarlı rəqəmsal ekosistemin bir hissəsinə çevrilə bilər”.

Bizə qoşulun