Sumqayıt şəhərində vətəndaşa məxsus qanuni mülkiyyətin yerli qurumlar tərəfindən dağıdılması və mülkiyyət hüquqlarının pozulması ilə bağlı ciddi narazılıq yaranıb. Ərazidəki sənədsiz və zəbt olunmuş digər sahələrə toxunulmadığı halda, yalnız rəsmi çıxarışı olan vətəndaşın hədəf seçilməsi iddiaları məsələnin hüquqi müstəvidə ciddi şəkildə araşdırılmasını zəruri edir.
Məsələ ilə bağlı mediaya şikayət məktubu göndərən Dadaşov Taleh Tapdıq oğlu bildirib ki, Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, Yeni yaşayış massivi, 4-cü məhəllə, ev 1/1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi tamamilə qanunidir və dövlət reyestrindən çıxarışla təsdiq olunub: "Mənə məxsus 60.70 kvadratmetrlik fərdi yaşayış evi və 0.06 hektarlıq xüsusi mülkiyyətdə olan torpaq sahəsinin rəsmi sənədi — 30901303044-10301 reyestr nömrəli çıxarışı mövcuddur. Mənim sağımda və solumda yerləşən qonşuların torpaq və mülkiyyət üzərində heç bir hüquqi sənədi yoxdur və onların əraziləri tamamilə zəbt kateqoriyasına aiddir.
Videogörüntülərdən də aydın şəkildə görünür ki, ərazidə hasarlar çəkilib, yol öz qaydasında gedib və qanuni sənədi olan bir vətəndaş kimi mən də öz hasarımı sağ-sol qonşulara nisbətən onlarla tam paralel şəkildə inşa etmişdim".
Onun sözlərinə görə, iyulun 7-də aidiyyəti qurumların nümayəndələri heç bir əsaslı xəbərdarlıq etmədən onun mülkiyyətinə ağır ziyan vurublar: "İyulun 7-si tarixində bir neçə vəzifəli şəxs əraziyə traktor və xüsusi texnika gətirərək qanuni mülkiyyətim olan hasarları uçurdu, nəticədə mənə külli miqdarda maddi ziyan vurdu. Burada əsas sual və sorğumuzun məqsədi ondan ibarətdir ki, aidiyyəti qurumların bu kəskin müdaxiləsi və 'zəbt olunmuş hissə' iddiası — yəni mülkiyyətdə olandan əlavə zəbt olunduğu iddia edilən 20 kvadratmetr — nəyə görə yalnız rəsmi sənədi olan mənə tətbiq edilir? Əgər bir qanun icra olunursa, torpaqları ümumiyyətlə sənədsiz və tamamilə zəbt vəziyyətində olan sağ və sol qonşularda da bu proses davam edəcəkmi, yoxsa bu yanaşma yalnız bir vətəndaşa qarşı seçici şəkildə həyata keçirilir? Bu prosesin hansı hüquqi formada və hansı meyarlarla davam etdiriləcəyinə, eləcə də mənə dəymiş ziyanın kompensasiya edilib-edilməyəcəyinə rəsmi qurumlar tərəfindən aydınlıq gətirilməlidir".//nocomment.az
