Medianews.az
Soyuqdan qoruyan qidalar –
356 baxış

Soyuqdan qoruyan qidalar – MÜTƏXƏSSİSİN TÖVSİYƏLƏRİ

Havaların soyuması ilə respirator virus infeksiyalarında və mövsümi xəstəliklərdə artım müşahidə olunur. İmmunitet sistemi zəif olan insanlar bu dövrdə xüsusilə risk altına düşür. Soyuq hava, stres, düzgün olmayan qidalanma və fiziki passivlik orqanizmin müdafiə gücünü azaldır. Bu səbəbdən sağlam qidalanma, həyat tərzi və preventiv tədbirlər daha da önəm daşıyır.

Soyuq aylarda immuniteti gücləndirmək üçün qida rasionunda hansı məhsullar mütləq yer almalıdır? Bal, sarımsaq, zəncəfil kimi təbii vasitələrin rolu tibbi cəhətdən nə dərəcədə təsdiqlənib? Soyuq havalarda uşaqlar və yaşlılar üçün xüsusi tövsiyələr nədən ibarətdir?

Mövzu ilə bağlı Medianews.az-a danışan endokrinoloq, diyetoloq Günay Həsənova bildirib ki, soyuq fəsillərdə qidalanma ilə birlikdə mütləq şəkildə dəmləmələr qəbul edilməlidir. Onun sözlərinə görə, bu, orqanizmdə həm immun sisteminin güclənməsinə, həm insanlarda geniş yayılmış infeksiyaların önlənməsinə, ümumiyyətlə soyuqdəymə zamanı istənilən yoluxmanın qarşısının alınmasına kömək edir: “Məsələn, cökə çiçəyi soyuqdəymənin dərmanıdır. Bununla yanaşı soyuq aylar boyu soyuqdəymə əleyhinə çobanyastığı çayını da qəbul etmək olar. Sözsüz ki, zəncəfil, ballı su – bunlar da soyuqdəymə əleyhinə çox təsir göstərir.

Qida rasionunda vitamin C tərkibli qidalar üstünlük təşkil etməlidir. Məsələn, portağal şirəsi immun sitemini gücləndirir. Həm də qanı duruldur deyə zəncəfil, yaxud qan dövranını yaxşılaşdırmaq üçün qreyfrud şirəsi istifadə oluna bilər. Qreyfurd şirəsinə bir diş zəncəfil də əlavə edib içmək olar”.

G.Həsənova xatırladıb ki, Azərbaycanın milli mətbəxində xaş yeməyi var: “Xaş immun sistemini möhkəmləndirən qidadır. Bundan əlavə güclü kollogendir. Orqanizimdə bir az gec həzm olunsa da, tərkibi vitaminlərlə çox zəngindir.

Soyuq fəsillərdə balıq daha çox olur. Yaydan fərqli olaraq soyuq aylarda balığın bütün növlərini yeyə bilərik. Ona görə də övladlarımıza omeqa tərkibli qidalar verməliyik. Bu da balığın tərkibində daha çoxdur. Uşaqlara balıq yağı əvəzinə balığın özünü bişirib vermək daha yaxşıdır.

İmmun sistemini qaldırmaq o deməkdir ki, qanda hemoqlobin qalxmalıdır. Bu səbəblə də ispanaq, qara ciyər, feyxoa yemək faydalıdır. Soyuq düşəndə qida rasionlarına dəmiri qaldıran qidalar əlavə edilməlidir. Məsələn, mərci şorbası. Onun tərkibində dəmir çoxdur. İspanağın da tərkibi dəmirlə zəngindir.

Göyərtilərdə də vitamin C və minerallar çox olur. Bundan əlavə çia toxumundan istifadə edilməsi məsləhətdir. Onun tərkibində olan minerallar başqa toxumlarda yoxdur. Soyuq fəsillərdə meyvə kimi avokadodan istifadə etmək çox uyğundur. Avokadonun tərkibindəki yağ turşuları beyni qidalandırır”.

Nailə Qasımova, 
Medianews.az

Bizə qoşulun