Medianews.az
“Ağıllı iynə”lər məni çökdürdü, immun sistemimi məhv etdi –
82 baxış

“Ağıllı iynə”lər məni çökdürdü, immun sistemimi məhv etdi – Əməkdar artist

“Müalicə olunuram. Şüa terapiyaları bədənimin immun sistemini çökdürüb. Bütün bədənim qaşınır, yaralar əmələ gəlir. Allergiyaya qarşı dərmanlar qəbul edirəm, amma heç nə kömək etmir. Həkimlər də heç nəyə təminat verə bilmirlər”.

Medianews.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Əməkdar artist Hicran Nəsirova deyib.

Sənətçi hazırda bütün diqqətini müalicəsinə yönəltdiyini bildirib. Onun sözlərinə görə, vəziyyətinin ağırlaşmasına səbəb “ağıllı iynə” kimi tanınan preparat olub:

“Evimi yıxan həmin “ağıllı iynə” oldu. Orqanizmim onu qəbul etmədi. Cəmi bir ayın içində böyrək çatışmazlığı ilə xəstəxanaya düşdüm. Bütün bədənimə mənfi təsir göstərdi, immun sistemimi tamamilə zəiflətdi. İndi yalnız şüa terapiyası alıram. Dərmanlardan narazılıq edəndə həkimlər onları dəyişirlər”.

Hicran Nəsirova səhhətindəki problemlərin gündəlik həyatına da ciddi təsir etdiyini vurğulayıb:

“Harasa yalnız maşınla gedə bilirəm. Uzun müddət ayaq üstə qala bilmirəm, tez yoruluram, uzanmaq istəyirəm. Günəş şüaları mənə olmaz, ona görə də həmişə kölgədə qalmağa çalışıram. Çətinliklə dözürəm”.

Aktrisanın sözlərinə görə, müalicə prosesi davamlı nəzarət altında aparılır və dərmanlar tez-tez dəyişdirilir:

“Hər ay analiz verirəm, nəticələrə baxırlar və yenidən dərmanları dəyişirlər. Demək olar ki, bütün kimyaterapiya variantları mənim üzərimdə yoxlanılıb”.

Əməkdar artist müalicənin həm fiziki, həm də maddi baxımdan ağır yükə çevrildiyini də gizlətməyib:

“Çox pul çıxır, heç bilmirsən hara xərcləyirsən. Yeriyə bilmirəm, yata bilmirəm, otura bilmirəm. Çanağım çox ağrıyır. Üstəlik, biopsiya zamanı çanaq sümüyümü sındırıblar. Sümüyümə elə müdaxilə ediblər ki, sınıq yaranıb. Mənim xəstəliyim də məhz sümükdədir”.

Bütün çətinliklərə baxmayaraq, Hicran Nəsirova ümidini tam itirmədiyini deyib:

“Bəzən ümidimi itirirəm. Amma hər gün Allaha şükür edirəm. Tək arzum odur ki, Allah məni heç kimə möhtac etməsin”.

Bizə qoşulun