Medianews.az oktyabrın 13-də dünyasını dəyişmiş şair Əlisəmid Kürün “Qan-tər içində” şeirini təqdim edir.
Qan-tər içində
Əqrəbləri itmiş saat kimiyəm,
Vaxt ölür, çökür içimdə.
Cin çapmış at kimiyəm, -
Qan-tər içindəyəm, anam,
Qan-tər içində.
Zaman dolaşıq nər qovğasında,
Şeytan-mələk davasında
Ürəyim əlimdən gedir,
Çırpınır qollarım qoynumda, -
Gecəm qan-tər içində, anam,
Günüm qan-tər içində.
Bu əlim, bu da lal dilim,
Sözü xəmir kimi yoğuran dilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib-becərən dilim, -
Sözüm qan-tər içində, anam,
Dilim qan-tər içində.
Alnımın qırış yerindən
Taleyin çaparı keçir.
Bu yurdun süyər yerindən
Bir ölüm qatarı keçir, -
Elim qan-tər içində, anam,
Obam qan-tər içində.
Toxdayıb, səbrimdən asıldım,
Buğlanıb, ruhumdan asıldım,
Can hanı, qəbrimə qısıldım, -
Söndüm qan-tər içində, anam,
Öldüm qan-tər içində.