Parlaq qırmızı rəngi və cəlbedici görünüşü hər pomidorun dadlı və təzə olduğu anlamına gəlmir. Mütəxəssislər bildirirlər ki, düzgün pomidor seçimi həm yeməyin dadına, həm də məhsulun keyfiyyətinə birbaşa təsir edir. Bazar və ya marketdən alış-veriş edərkən bir neçə sadə məqama diqqət yetirməklə daha təzə və keyfiyyətli pomidor seçmək mümkündür.
Medianews.az xəbər verir ki, pomidor seçərkən ən çox edilən səhvlərdən biri yalnız rənginə aldanmaqdır. Təzə pomidorun əsas əlamətlərindən biri yaşıl və təravətli saplağıdır. Saplağı qurumuş, qaralmış və ya tamamilə qopmuş pomidorun uzun müddət saxlanıldığı ehtimal edilir. Bundan əlavə, pomidorun səthində iri çatların, əziklərin və qara ləkələrin olmamasına diqqət yetirmək tövsiyə edilir. Bu cür izlər məhsulun keyfiyyətinin aşağı düşdüyünü göstərə bilər.
Qoxusu çox şey deyir
Keyfiyyətli pomidoru müəyyən etməyin ən etibarlı üsullarından biri onun qoxusudur. Saplaq hissəsinə yaxın yeri iylədikdə təzə pomidora xas olan xoş, təbii və torpaq qoxusu hiss edilməlidir. Əgər pomidorun heç bir qoxusu yoxdursa və ya qeyri-təbii, kimyəvi qoxu gəlirsə, bu, onun vaxtından əvvəl yığıldığını və ya təbii şəkildə yetişmədiyini göstərə bilər.
Çəkisini və bərkliyini yoxlayın
Seçdiyiniz pomidoru əlinizə götürərək çəkisini qiymətləndirin. Ölçüsünə görə ağır hiss edilən pomidorlar adətən daha şirəli və ətli olur. Pomidor nə həddindən artıq sərt, nə də çox yumşaq olmalıdır. Barmaqla yüngül toxunduqda formasını qoruyan, lakin daş kimi bərk olmayan pomidorlar daha yaxşı seçim hesab edilir. Həddindən artıq yüngül pomidorların isə iç hissəsinin boşalmış və ya süngərvari olması ehtimalı yüksəkdir.
Mövsüm məhsullarına üstünlük verin
Mütəxəssislər mövsümündə yetişdirilən pomidorların həm dad, həm də qida dəyəri baxımından daha üstün olduğunu bildirirlər. Xarici görünüşü tam qüsursuz olan məhsullar əvəzinə, təbii ətri olan və xırda forma fərqləri göstərən pomidorları seçmək daha məqsədəuyğun sayılır.