Medianews.az
Siyasi islamın ən güclü şəbəkəsi hədəfdə:
238 baxış

Siyasi islamın ən güclü şəbəkəsi hədəfdə: Proses hara gedir?

“ABŞ Prezidenti Donald Trampın “Müsəlman qardaşları” təşkilatının bəzi şöbələrinin xarici terror təşkilatları və qlobal terrorçular siyahısına daxil edilməsi prosedurunu başlatması, bu məqsədlə sərəncam imzalaması təsadüfi deyil”. Politoloq Xaqani Cəfərli Medianews.az-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, uzun müddətdir ki, ABŞ-ın nüfuzlu siyasi xadimləri “Müsəlman qardaşları”nın terror təşkilatı elan olunmasına çalışırlar: “Buna israr edən ən nüfuzlu siyasi xadim isə, heç şübhəsiz ki, ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olan Marko Rubiodur. Rubio hələ senator olduğu dövrdən “Müsəlman qardaşları”nın terror təşkilatı kimi tanınması üçün çalışıb. Respublikaçılar Partiyasının nüfuzlu təmsilçilərindən Ted Kruz, Con Korni, Texas ştatının qubernatoru Qreq Abbott “Müsəlman qardaşları”nın terror təşkilatı kimi tanınmasına çalşırlar.

Respublikaçılarla yanaşı demokratların da təmsilçiləri arasında “Müsəlman qardaşları”nı terror təşkilatı hesab edən nüfuzlu senator və konqresmenlər var. Texas ştatının qubernatoru Qreq Abbott “Müsəlman qardaşları”na yaxınlığı ilə tanınan Amerika-İslam Münasibətləri Şurası qeyri-hökumət təşkilatının da terror təşkilatı kimi tanınmasını istəyir.

Bütün bunlar gözlənilən idi. ABŞ, Avropa və Böyük Britaniyanın beyin mərkəzlərində son illər siyasi islamın ən güclü şəbəkəsi olan “Müsəlman qardaşları”nın fəaliyyəti ciddi araşdırmaların mövzusudur. Həmin araşdırmalarla tanış olanlar, eləcə də Qərbin siyasi fikir sisteminin və qanunvericiliyinin formalaşmasının neçə baş verdiyini bilənlər prosesin hansı istiqamətə getdiyini görürdülər”. 

X.Cəfərli qeyd edib ki, SSRİ-nin mövcud olduğu dövrdə, yəni soyuq müharibə illərində siyasi islam Moskvanın müsəlman ölkələrinə kommunizmi ixrac etməsinə yol verməmək üçün Qərbin əlində əsas ideoloji silah idi: “Ancaq soyuq müharibədən sonra siyasi islam Qərb üçün kommunizmin özündən problemli olmağa başladı. Hazırda siyasi islamın ən güclü şəbəkəsi “Müsəlman qardaşları” hesab olunur. Ekspertlər “Müsəlman qardaşları”nı “əl-Qaidə” kimi sünni cihadçı qruplar üçün ideoloji mənbə olaraq dəyərləndirirlər.

“Müsəlman qardaşları”nın terror təşkilatı kimi tanınmasının hökmən gündəmə gələcəyini müəyyən edən digər bir önəmli faktor bu təşkilatın Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bir neçə ölkə tərəfindən terror təşkilatı kimi tanınmasıdır. Bu ölkələr hətta 2017-ci ildə Qətəri terrorizmi (“Müsəlman qardaşları”nı) dəstəkləməkdə ittiham edərək, diplomatik əlaqələri kəsmişdilər.

ABŞ-ın “Müsəlman qardaşları”nı bu günə kimi terror təşkilatı kimi tanımamasının ən güclü səbəbi iki önəmli müttəfiqi - Türkiyə və Qətərlə bağlı seçim qarşısında qalmaqdan çəkinməsidir. Çünki Qərbdə əmindirlər ki, Qətər “Müsəlman qardaşları”nın ən böyük maliyyə sponsoru, Türkiyə isə ən güclü siyasi dəstəkçisidir. “Müsəlman qardaşları”nın terror təşkilatı elan olunması bu təsisatla yaxın münasibətləri olan ölkələrə qarşı qadağaların dərhal tətbiqini nəzərdə tutmasa da, gec-tez bu baş verəcək.

Hələlik Tramp Türkiyə və Qətərlə münasibətləri qorumağa çalışaraq “Müsəlman qardaşları”nı vahid təsisat kimi deyil, onun Livan, İordaniya və Misirdəki bölmələri də daxil olmaqla bəzi bölmələrini xarici terror təşkilatı kimi tanımaq kursunu götürüb. Lakin prosesin bununla kifayətlənməyəcəyini söyləmək mümkündür.

“Müsəlman qardaşları”nın terror təşkilatı kimi tanınması ilə bağlı ABŞ-ın Nümayəndələr Palatasında və Senatda irəli sürülmüş qanun layihələrində isə bütün şəbəkənin terror təşkilatı kimi tanınması təklif olunur”.

Politoloq vurğulayıb ki, bütün bunlar Yaxın Şərqin siyasi çoğrafiyasının yenidən dizayn edilməsi prosesinə çox ciddi təsir edəcək.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun