Medianews.az
Sidik kisəsi xərçəngində gizli təhlükə:
116 baxış

Sidik kisəsi xərçəngində gizli təhlükə: “Hər qanama ciddi siqnaldır”

Sidikdə qanamanın, xüsusilə 40 yaşdan yuxarı və siqaret çəkən şəxslərdə ciddi xəstəliyin əlaməti ola bilər.

Medianews.az xəbər verir ki, bunu türkiyəli uroloq Bülənt Altay deyib.

Onun sözlərinə görə, sidik kisəsi şişləri erkən mərhələdə sistoskopiya ilə aşkar edilə bilər və ən kiçik qanama belə diqqətsiz qalmamalıdır.

Mütəxəssis qeyd edib ki, sidik kisəsi xərçəngi həm qadınlarda, həm də kişilərdə görülə bilir və siqaret riski artıran əsas amillərdəndir. Xəstəlik çox vaxt ağrısız qanama ilə özünü göstərir.

Altay bildirib ki, diaqnozda ultrasəs, MRT və kompüter tomoqrafiyası istifadə olunsa da, ən dəqiq üsul sistoskopiyadır. Bu müayinə zamanı sidik kanalından daxil edilən kamera ilə hətta millimetrlik şişlər də müəyyən edilə bilir.

O, şişlərin səthi və invaziv olmaqla iki yerə ayrıldığını, səthi formaların endoskopik üsulla müalicə edildiyini, lakin təkrarlana bildiyi üçün mütəmadi nəzarət tələb etdiyini vurğulayıb. İnvaziv hallarda isə daha radikal əməliyyatlara, o cümlədən sidik kisəsinin çıxarılmasına ehtiyac yarana bilər.

Həkim əlavə edib ki, gec diaqnoz qoyulan hallarda xəstəlik daha ağır mərhələyə keçir və kimyaterapiya tələb oluna bilər. Bu səbəbdən sidikdə ən kiçik qanamanın belə vaxtında həkimə bildirilməsi həyati əhəmiyyət daşıyır.

Medianews.az  

 

Bizə qoşulun