Rusiyanın Ukraynaya buraxdığı döyüş dronlarında az zənginləşdirilmiş uran aşkarlanıb.
Medianews.az xəbər verir ki, söhbət aprelin 7-nə keçən gecə Ukraynanın Çerniqov vilayətinin Kamka qəsəbəsi yaxınlığında vurulmuş Rusiya dronundan gedir. Həmin “Geran-2” dronunun qalıqlarının düşdüyü yerdə radiasiya fonunun yüksəldiyi bəlli olub.
Ukrayna Təhlükəsizlik Xidməti bəyan edib ki, “Geran-2” dronu təyyarələri və helikopterləri vurmaq üçün R-60 tipli “hava-hava” raketi daşıyırmış. Dron qalıqları ətrafında aşkarlanan radiasiyanın insan sağlamlığı üçün təhlükə yarada biləcək həddə olduğunu vurğulayan Ukrayna Təhlükəsizlik Xidməti faktla bağlı cinayət işinə başlayıb.
Yerli sakinlərə pilotsuz uçuş aparatlarının, raketlərin və digər sursatların qalıqlarına yaxınlaşmamaq barədə xəbərdarlıq edilib. Bildirilib ki, zədələnmiş və ya yanmış döyüş sursatları insanlar və ətraf mühit üçün təhlükəli radioaktiv toz hissəcikləri yaya bilər.
Az zənginləşdirilmiş və ya aşağı dərəcədə zənginləşdirilmiş urandan hazırlanan hərbi sursatlar Ukrayna müharibəsində əvvəllər də tətbiq olunub. 2023-cü ildə ABŞ Ukraynaya “Abrams” tankları üçün az zənginləşdirilmiş uran tərkibli zirehdələn mərmilər göndərmişdi. Belə mərmilər zirehi daha asan deşə və toz-metaldan ibarət yüksək temperatur buludu yarada bilir. Onun radioaktivliyi təbii urandan aşağıdır.
1990 və 2003-cü illərdə ABŞ İraqla müharibə zamanı, 1999-cu ildə isə NATO keçmiş Yuqoslaviyaya hava zərbələri endirərkən az zənginləşdirilmiş uran tərkibli mərmilərdən istifadə edib.
Rusiya tərəfi hələlik Ukraynanın ittihamlarına münasibət bildirməyib.