Medianews.az
"Ramazandan sonra qidalanmada beş vacib qayda" -
108 baxış

"Ramazandan sonra qidalanmada beş vacib qayda" - Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertindən vacib tövsiyələr

"Ramazan ayından sonra orqanizm qarışıq qida rejiminə yox, normal ritm və balanslı rejimə daha yaxşı cavab verir. Səhərdən axşama qədər ac qalmağa öyrəşmiş həzm sistemi üçün ən məntiqli yanaşma ilk gündən etibarən üç böyük deyil, üç əsas və 1-2 kiçik ara qəbul formasında qidalanmaqdır".

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı qurum mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, səhər yeməyi mütləq bərpa edilməli, günün ilk yarısında zülal və lif üstünlük təşkil etməlidir (yumurta, qatıq, pendir, yulaf, tam taxıl çörəyi, tərəvəz və meyvə uyğun seçimlərdir):

"Bayram süfrəsində yağlı plov, qovurma, kabab, dolma və şirniyyatın eyni oturuşda çox miqdarda qəbulu mədə boşalmasını ləngidir və xüsusən reflüks, dispepsiya, öd daşı, pankreatitə meyli olan şəxslərdə narahatlıq yarada bilər. Buna görə, ilk növbədə az-az prinsipi "hamısından bir boşqab" prinsipindən xeyli təhlükəsizdir. Yeməyə şorba, salat, qatıq və ya yüngül zülal mənbəyi ilə başlamaq, sonradan şirniyyat və xəmir yeməklərinin miqdarını təbii olaraq azalda bilər.

Digər vacib məqam mayedir. Ramazandan sonra birdən-birə çox çay, qazlı içki və şirin şərbət içmək susuzluğu daha da artıra bilər. Gün ərzində su qəbulu mərhələli artırılmalı, çox şəkərli içkilər isə əsas maye mənbəyi kimi seçilməməlidir. Axşam saatlarında çox ağır yeməkdən sonra dərhal uzanmaq da reflüks və həzm pozğunluğunu artırır; yeməkdən sonra qısa gəzinti daha faydalıdır".

Mütəxəssis-ekspert bildirib ki, qastroezofageal reflüks xəstəliyi, xroniki qastrit, peptik xora, funksional dispepsiya, qıcıqlanmış (irritabl) bağırsaq sindromu, öd kisəsi daşı, şəkərli diabet, piylənmə və qaraciyər yağlanması olan şəxslər üçün bayramda artıq yemək çox vaxt simptomların alovlanması ilə nəticələnir:

"Bu qrupda porsiyanın kiçik saxlanması, şirniyyatın əsas yeməyin üzərinə deyil, ayrıca və az miqdarda qəbulu, həmçinin gecə yeməyinin yüngülləşdirilməsi daha məqsədəuyğundur. Qıcqırma, döşarxası yanma, köp, sağ qabırğaaltı ağrı və ya ürəkbulanma yaranırsa, bu artıq "bayram norması" deyil".

Bizə qoşulun