Hər bir azərbaycanlı kimi “Qarabağ” FK-nun nailiyyətlərini daim izləmiş, komandanın uğurları ilə fərəhlənmişəm.
Futbolda son 30 ildə başqa ciddi uğurlarımız olmayıb. Klubun bu uğurlarında baş məşqçi kimi Qurban Qurbanovun xidmətləri danılmaz həqiqətdir.
Q.Qurbanovun futbolumuzun inkişafında, o cümlədən “Qarabağ” FK-da xidmətlərini ölkə Prezidenti də dəfələrlə qeyd edib.
Azərbaycanın futbol tarixində Qurban Qurbanov kimi parlaq karyerası olan ikinci bir məşqçi hələ olmayıb, yəqin ki, yaxın onilliklərdə olmayacaq da.
Futbol məşqçilərinin beynəlxalq reytinqlərində nəinki ölkə üzrə, hətta türk dövlətləri və Qafqaz ölkələri üzrə ən yüksək reytinq də məhz Q.Qurbanova məxsusdur.
O, 2008-ci ildən bu günə qədər "Qarabağ" FK-nın baş məşqçisidir. Bu müddət ərzində "Qarabağ" 6 dəfə Azərbaycan Kubokunun, 11 dəfə Azərbaycan Çempionatının qalibi olub.
Onun rəhbərliyi altında "Qarabağ" FK dəfələrlə UEFA Avropa Liqası qrup mərhələlərində uğurla iştirak edib, parlaq qələbələr qazanıb.
Bu müddət ərzində Q.Qurbanova müxtəlif klublardan (ölkə klublarından və xarici klublardan) daha böyük məbləğdə qonorar vədi ilə dəvətlər gəlməsinə baxmayaraq, o, “Qarabağ”dan getməyib.
O ərəfələrdə Qarabağdan olan ziyalılar da Q.Qurbanova klubda qalması üçün müraciətlər etmişdilər. Bütün şirnikləndirici vədlərə baxmayaraq o, klubda işini davam etdirdi.
Futbol kollektiv oyundur, klubun uğuru tək baş məşqçidən asılı deyil, burada bir çox amillərin təsiri var. Bütün bu faktorlar təmin edildikdə baş məşqçi və komanda yaxşı nəticə verə bilər, əks halda uğur qazanmaq mümkün deyil.
Ola bilər ki, klubda nəsil dəyişikliyi gedir, bəzi oyunçular müxtəlif səbəblərdən klubu tərk edir, onların yerinə daha yaxşılarını tapmaq asan olmur.
Bu gün bəzi futbol azarkeşlərinin sosial şəbəkələrdə Qurban müəllimin yüksək peşəkarlığını, vətənpərvərliyini, ölkə futbolu və klub qarşısında xidmətlərini unudaraq, ona qarşı xoş olmayan fikirlər yazması ən azından qədirbilməzlikdir.
Komandanı təkcə stadionda oyun zamanı yox, klubun böhranlı vaxtlarında da dəstəkləmək, həvəsləndirmək, ruhlandırmaq lazımdır.
Əgər Qurban Qurbanovu əvəzləyəcək başqa bir məşqçi namizədiniz varsa, bəlkə onu milli komandaya dəvət edəsiniz? 33 ildir ki, futbol üzrə milli komandaya dünyanın müxtəlif ölkələrindən bahalı məşqçilər dəvət edilsə də, millimiz biabırçı məğlubiyyətlər seriyasından xilas ola bilmir. Milli komanda öz 33 illik tarixində “Qarabağ” FK-nun nailiyyətlərinin cüzi hissəsinə də nail ola bilməyib.
Naşükürlük etmək yaxşı deyil.
"Qarabağ" futbol klubu dünən İngiltərənin “Nyukasl” klubu ilə qeyri-bərabər yarışda uduzdu.
Klubu dəstəkləyək!
İlham Əhmədov,
pedaqoji elmlər namizədi, dosent
