Medianews.az
Qripə yoluxma niyə bu qədər artıb? Hansı ştamlar daha çox yayılıb? -
510 baxış

Qripə yoluxma niyə bu qədər artıb? Hansı ştamlar daha çox yayılıb? - MÜSAHİBƏ

Ölkədə mövsümi respirator infeksiyalara, xüsusilə qripə yoluxma artıb. Medianews.az saytı hazırda dövriyyədə olan virusun tipi, simptomları və ondan qorunmağın yolları ilə bağlı həkim-infeksionist Polina Əliyevadan müsahibə götürüb.

- Qripə yoluxmalar niyə artıb?

- Son həftələrdə mövsümi respirator infeksiyalara, o cümlədən qripə yoluxma hallarının artması payız-qış mövsümü üçün xarakterikdir və əsasən insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi ilə əlaqədardır.

- Hazırda Azərbaycanda yayılan qrip virusu hansı tipdir: A, B, H1N1, H3N2?..

- Ölkədə əsasən A tipli qrip virusunun dövriyyədə olduğu bildirilir. Xüsusilə A(H1N1) və A(H3N2) ştamları üstünlük təşkil edir, lakin B tipli qrip virusuna da rast gəlinir.

- Bu mövsüm yayılan qrip virusu əsas simptomları hansılardır?

- Yüksək hərarət, baş və əzələ ağrıları, ümumi halsızlıq, quru öskürək, boğaz ağrısı və bəzi hallarda burun axması. Uşaqlarda ürəkbulanma və qusma kimi əlamətlər də müşahidə oluna bilər.

- Ağırlaşmalar, reanimasiya halları müşahidə olunurmu?

- Ağırlaşma və reanimasiya halları əsasən risk qrupuna daxil olan şəxslərdə – yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlarda qeydə alınır. Vaxtında həkimə müraciət edildikdə ağırlaşma riski xeyli azalır.

- Qripə qarşı antiviral dərmanlar nə qədər effektlidir?

- Antiviral dərmanlar xəstəliyin ilk 48 saatında qəbul edildikdə daha effektiv olur. Bu preparatlar simptomların şiddətini azaldır, xəstəliyin müddətini qısaldır və ağırlaşma riskini minimuma endirir. Lakin onlar yalnız həkim məsləhəti ilə istifadə edilməlidir.

- Vətəndaşlar gündəlik həyatda hansı qoruyucu tədbirlərə əməl etməlidirlər?

- Tez-tez əlləri yuymaq, qapalı və izdihamlı məkanlarda tibbi maskadan istifadə, xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, immuniteti gücləndirən qidalar qəbul etmək və kifayət qədər istirahət etmək tövsiyə olunur.

- Məktəblərdə və uşaq bağçalarında əlavə tədbirlərə ehtiyac varmı?

 - Məktəblərdə və uşaq bağçalarında gigiyenik qaydalara ciddi əməl olunmalı, otaqlar mütəmadi havalandırılmalı və xəstəlik əlamətləri olan uşaqlar ev şəraitində saxlanmalıdır. Əlavə tədbirlərin görülməsi kütləvi yoluxma hallarında məqsədəuyğun sayılır.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun