Medianews.az
Qiymətlər hansı məntiqlə hesablanıb? -
208 baxış

Qiymətlər hansı məntiqlə hesablanıb? - Bakı-Tbilisi marşrutu

Mayın 26-dan yenidən işə düşəcək Bakı-Tbilisi-Bakı sərnişin qatarında birtərəfli (yəni Bakıdan Tbilisiyə) biletlərin qiyməti səfərə Bakıdan çıxanda 81 manatdan, Yevlaxdan çıxanda 67 manatdan, Gəncədən çıxanda 62 manatdan, Ağstafadan çıxanda 57 manatdan başlayacaq. ⁠Böyük Kəsik-Qardabani marşrutu üzrə isə bir biletin qiyməti 51 manatdan başlanır.

Qeyd edək ki, səfərlər yeni nəsil yataq tipli vaqonlardan ibarət “Stadler” qatarları ilə həyata keçiriləcək.

Bəs qiymətlər nə dərəcədə münasibdir?

İqtisadçı Natiq Cəfərli Medianews.az-a bildirib ki, əks istiqamətdə olan tariflər hələ bilinmir: “Onlar da bilinəndə ümumi dəyərləndirmə aparmaq mümkün olacaq. Ən azından təyyarə qiyməti deyil. Yaxşı ki, təyyarə qiymətlərindən ucuzdur. Amma Bakıdan Tbilisiyə qatarla bir gedişin 81 manatdan başlanması gözləniləndən daha yüksəkdir. İlkin gözləntilər daha münasib qiymətlər üzərində idi.

Qiymətlərin hansı məntiqlə hesablandığını anlamaq da çətindir. Əgər məsafəyə görə müəyyənləşibsə, bu da tam aydın deyil. Məsələn, Böyük Kəsikdən Qardabaniyə qatar təxminən yarım saata gedib çatır. Belə qısa məsafə üçün niyə 51 manat tələb olunur – bəlli deyil.

Tbilisidən Bakıya biletlərin qiymətləri də açıqlanandan sonra ümumi xərc barədə daha dəqiq fikir söyləmək mümkün olacaq.

Təyyarə biletlərinə gəlincə, onlar kifayət qədər bahadır. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, iyul ayına əvvəlcədən bilet alınmasına baxmayaraq, yaxın qohumlarımdan birinin Bakı-Tbilisi-Bakı reysi ilə gediş-gəliş bileti 492 manata başa gəldi”.

Nailə Qasımova,

Medianews.az

Bizə qoşulun