Medianews.az
Qırğızıstan: parlamentin üçdə biri qadınlara qismət olur
209 baxış

Qırğızıstan: parlamentin üçdə biri qadınlara qismət olur

Qırğızıstanda noyabrın 30-da keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri açıqlanıb.

Medianews.az-ın məlumatına görə, 90 nəfərlik qanunverici orqana mandat alan şəxslərin 30-u qadındır.

Yenilənmiş seçki qanunu ilə 30 dairənin hər birindən 3 nəfər seçilir. Seçki yarışında 460 nəfər yer alıb.

Əvvəlki parlament özünü sentyabrın 25-də buraxıb. Onun 5 illik səlahiyyət müddəti 2026-cı ilin noyabrında bitməli idi.

Qırğızıstan 2021-ci ildən prezident idarə üsuluna keçib, prezident həm dövlət başçısı, həm də hökumət başçısıdır.

Əvvəllər ölkə parlament respublikası idi, ali icraedici orqan statusu daşıyan hökuməti parlamentdə deputatların yarıdan çoxunu təşkil edən siyasi qüvvə qururdu. 2021-ci il yanvarın 10-da Sadır Japarov prezident seçiləndən sonra ölkədə idarəetmənin yenilənməsinə başlanıb. Onun 5 illik səlahiyyət müddəti 2026-cı il yanvarın 28-də başa çatır. Parlamentin buraxılması deputat korpusunun prezident seçkisindən öncə yenilənməsi istəyindən doğub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun