Sentyabrın 25-də Qırğızıstan parlamenti özünü buraxıb. Qərar noyabrın 30-da növbədənkənar seçkiyə getmək niyyəti ilə bağlıdır. Parlamentin 5 illik səlahiyyət müddəti 2026-cı ilin noyabrında bitməli idi.
Medianews.az bildirir ki, 90 nəfərlik parlamentin 54 deputatı proporsional sistem (partiya siyahıları) üzrə, 36 deputatı majoritar sistem üzrə (dairələrdən) mandat almışdı. Yenilənmiş seçki qanunu proporsional sistemin ləğvini, 30 dairənin hər birindən 3 deputatın seçilməsini nəzərdə tutur.
Qırğızıstan 2021-ci ildən prezident idarə üsuluna keçib, prezident həm dövlət başçısı, həm də hökumət başçısıdır.
Əvvəllər Qırğızıstan parlament respublikası idi, ali icraedici orqan statusu daşıyan hökuməti parlamentdə deputatların yarıdan çoxunu təşkil edən siyasi qüvvə qururdu. 2021-ci il yanvarın 10-da Sadır Japarov prezident seçiləndən sonra ölkədə idarəetmənin yenilənməsinə başlanıb. Onun 5 illik səlahiyyət müddəti 2026-cı il yanvarın 28-də başa çatır. Parlamentin buraxılması deputat korpusunun prezident seçkisindən öncə yenilənməsi istəyindən doğub.
Toğrul Əli,
Medianews.az