Qəfil başlayan, bir tərəfli və sancıverici sinə ağrısı, eləcə də nəfəs darlığı çox vaxt “əzələ ağrısı” kimi qiymətləndirilir. Halbuki bu əlamətlər həyati risk daşıyan pnevmotoraksın – yəni ağciyərin sönməsinin ilk xəbərdarlığı ola bilər.
Medianews.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, xəstəlik əsasən 15–30 yaş arası, xüsusilə uzunboylu və arıq kişilərdə daha çox qeydə alınır.
Əlamətlər yüngül başlasa da, vəziyyət qısa müddətdə ağırlaşa bilər.
Pnevmotoraks ağciyəri əhatə edən plevra qişaları arasına hava dolması nəticəsində yaranır. Toplanan hava ağciyərə təzyiq göstərərək onun qismən və ya tam sönməsinə səbəb olur.
Əsas əlamətlər:
- qəfil və bir tərəfli sinə ağrısı
- nəfəs darlığı
- sürətli nəfəsalma
- ürəkdöyünmə
- kürək və ya çiyinə yayılan ağrı
Ağır hallarda göyərmə və arterial təzyiqin enməsi müşahidə oluna bilər.
Kimlər risk altındadır?
Pnevmotoraks aşağıdakı hallarda daha çox rast gəlinir:
- Gənc, uzunboylu və arıq kişilər
- Siqaret, elektron siqaret və qəlyan istifadəçiləri
- KOAH, astma və digər ağciyər xəstəliyi olanlar
- Sinə travması keçirənlər
Yeniyetməlik dövründə sürətli boy artımı nəticəsində ağciyərin yuxarı hissəsində yaranan hava kisəciklərinin partlaması da əsas səbəblərdən biridir.
Müalicə necə aparılır?
Diaqnoz rentgen və ya kompüter tomoqrafiyası ilə qoyulur. Yüngül hallarda oksigen terapiyası kifayət edir. Ağır və ya irəliləmiş hallarda isə sinə boşluğuna dren (boru) yerləşdirilərək toplanmış hava xaric edilir.
Hava sızması davam edərsə və ya xəstəlik təkrarlanarsa, endoskopik cərrahi müdaxilə tətbiq olunur. Əməliyyat zamanı həm hava qaçağı aradan qaldırılır, həm də təkrar riskini azaltmaq üçün ağciyər səthindəki problemli sahələr götürülür.
Mütəxəssislər xəbərdarlıq edir ki, müalicədən sonra siqaret və elektron siqaret tam dayandırılmalı, sualtı dalğıclıq kimi təzyiq dəyişiklikləri yaradan fəaliyyətlərdən uzaq durulmalıdır.
Qəfil başlayan bir tərəfli sinə ağrısı zamanı vaxt itirmədən həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır.
Medianews.az