Ermənistanın baş naziri Nikol Paşiyan ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlığı gücləndirməklə yanaşı, Rusiya ilə münasibətləri normal səviyyədə saxlamağa çalışır. Ancaq bu alınmır.
Çünki Kreml Ermənistanın keçmiş illərdə olduğu kimi Rusiyaya bağlı qalmasını, Qərbdən uzaq durmasını istəyir. Bu da alınmır.
Bu mümkün olsaydı, erməni cəmiyyəti üçüncü dəfə Nikol Paşinyana və onun partiyasına səs verməzdi.
Buna baxmayaraq, Nikol Paşinyan Rusiya rəsmiləriylə dialoqdan qopmamağa çalışır, sadəcə onun Kreml sahibi Vladimir Putinlə tez-tez telefonla danışmasının nəticəsi yoxdur.
Putin tələbində israrlıdır: “Ermənistanda Avropa İttifaqı və ya Avrasiya İqtisadi Birliyi mövzusunda referendum keçirilməlidir”.
Paşinyan belə bir referendumun keçirilməsinin erkən olduğu düşüncəsindədir. Çünki ermənilər Avropa İttifaqını seçsələr belə, Brüssel Ermənistanı yaxın onillikdə təşkilata üzv qəbul etməyəcək.
Putin bunu bildiyindən Paşinyanı daha çətin vəziyyətə sürükləmək istəyir. Ermənistan məhsullarının Rusiya bazarlarına daxil olmasına qoyulan qadağa bununla əlaqəlidir.
Brüssel Ermənistan məhsullarının Avropa İttifaqı bazarına girişini sadələşdirməsə, Paşinyanın durumu mürəkkəbləşəcək. Məhsullarını sata bilməyən ermənilərin etirazı artacaq və bu Kremlin işinə yarayacaq.
Elxan Şahinoğlu,
politoloq