Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə Marqara-Yeğeqnadzor-Sisyan-Gorus marşrutu ilə tranzitini təmin etməyə hazırdır.
Ermənistanın təklif etdiyi marşrut Azərbaycan və Türkiyə üçün nə dərəcədə məqbuldur? Azərbaycanla Türkiyənin bu təklifi qəbul edəcəyi gözləniləndirmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl xatırladıb ki, avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıb: “Saziş rəsmən imzalanana qədər iki dövlət arasında etimadın yaranması çox vacib məsələlərdən biridir. Bu məsələ də müxtəlif istiqamətlərdə reallaşdırılır. Artıq bu ay İrəvanda Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələrinin görüşü olub.
Nəqliyyat infrastrukturunun açılması isə hər iki ölkə üçün vacibdir. Bildiyiniz kimi, avqustun 8-i Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzalayıblar. Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin yaradılması da razılaşdırılıb. Yəni söhbət Zəngəzur dəhlizindən gedir. Ona bəyannamədə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRİPP) adı verilib. Layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəcək. “Tramp marşrutu” açılana qədər digər nəqliyyat infrastrukturlarının işə salınması iki dövlət arasında etimad yaranmasının şərtlərindən sayıla bilər. Diqqət yetirdinizsə, Paşinyan bəyanatında hələlik ilkin mərhələdə Türkiyədən Azərbaycana və geriyə - Azərbaycandan Türkiyəyə daşımalardan söz açıb. Belə anlaşılır ki, ilkin mərhələdə hələlik Türkiyənin yük maşınlarının, yəni TIR-ların gəlib-getməsindən söhbət gedir. Olsun, perspektivdə etimad yaranandan sonra Azərbaycan maşınlarının da Ermənistan ərazisindən Türkiyəyə və geriyə hərəkəti, yük daşımaları gerçəkləşəcək. Bundan sonra təbii ki, Ermənistanla Türkiyə arasında sərhədin, quru yolun açılması məsələsi sürətlə həllini tapacaq”.
İ.İsmayıl vurğulayıb ki, Türkiyə ilə Ermənistan arasında yollar açılandan sonra Ermənistanın Rusiyadan iqtisadi asılılığı zəifləyəcək: “Bu da çox vacib məqamlardan biridir. Gələn ilin yayında Ermənistanda parlament seçkiləri olacaq. Seçki ərəfəsində Rusiyanın iqtisadi təzyiqlərinə davam gətirməsi baxımından Türkiyə-Ermənistan sərhədinin tez bir zamanda açılması Paşinyan hökuməti üçün mühüm əhəmiyyət daşıyır”.
Açıqlamasında İ.İsmayıl N.Paşinyanın erməni kilsəsini ifşa etməsinə də toxunub. Bildirib ki, erməni kilsəsi daima türk dünyasına, o cümlədən Azərbaycana qarşı düşmənçiliyin önündə gedib: “Ermənilərin guya dənizdən-dənizə böyük ərazilərinin olması mifi də kilsənin uydurmasıdır. Erməni kilsəsi günahların içindədir. İndiki keşişlərin günahlarının nədən ibarət olduğunu isə Nikol Paşinyan yaxşı bilir. Baş nazirin əlində faktlar, sübutlar var. Ona görə Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginin də müqavimət gücü zəifləyib. Hər halda Paşinyanın bu gün apardığı siyasətin erməni toplumunu əsrlərlə davam edən illüziyalardan, türk düşmənçiliyindən xilas edəcəyinə böyük ümid yaranıb. Paşinyan “Real Ermənistan” layihəsini irəli sürüb. Ermənilər bunu dəyərləndirməlidirlər. Sözsüz ki, bu yeni ideoloji, siyasi xətt Azərbaycanla münasibətləri yaxşılaşdırmağa, normallaşdırmağa aparan faktorlardan biridir”.
Nailə Qasımova, 
Medianews.az