Medianews.az
Paşinyan Köçəryanın Zəngəzur dəhlizi ilə bağlı iddiasına cavab verdi
114 baxış

Paşinyan Köçəryanın Zəngəzur dəhlizi ilə bağlı iddiasına cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin eks-prezidenti Robert Köçəryanın “TRİPP layihəsində ABŞ-nin iqtisadi marağı yoxdur” bəyanatına reaksiya verib.

Köçəryan bu sözləri yanvarın 29-da keçirdiyi mətbuat konfransında demişdi. O, TRİPP layihəsində (Zəngəzur dəhlizində) ABŞ-nin marağının iqtisadi deyil, İrana nəzarət etmək olduğunu bildirmişdi. Eks-prezident həmçinin qeyd etmişdi ki, TRİPP-ə yüz milyonlarla və ya milyardlarla dollar investisiya qoyulacağı haqda deyilənlər reallığa uyğun gəlmir. Onun qiymətləndirməsinə görə, bu layihə 80 milyon dollarla həyata keçirilə bilər və Ermənistan hökuməti bunu öz vəsaiti ilə də reallaşdıra bilər.

Medianews.az Ermənistanın İctimai Radiosuna istinadla xəbər verir ki, Nikol Paşinyan Köçəryanın iddiasına yanvarın 29-da hökumətin iclasından sonra keçirdiyi brifinqdə münasibət bildirib.

Paşinyan vurğulayıb ki, TRİPP ilk növbədə investisiya və iqtisadi layihədir: “Bu layihə çərçivəsində Ermənistanda milyonlarla, yüz milyonlarla investisiyalar olacaq. TRİPP iri investisiya proqramıdır və əlbəttə ki, bu, özü ilə böyük təhlükəsizlik zəmanətləri də gətirəcək”.

Paşinyan onu da deyib ki, ABŞ kimi tamamilə iqtisadi məntiq üzərində qurulmuş bir dövlətin iqtisadi maraq güdmədiyi haqda iddialar məntiqsizdir: “Məgər siz Trampın siyasətini izləmirsiniz? Onun bütün qərarlarının iqtisadi əsası var, çünki ABŞ-nin iqtisadi inkişafı, rifahı və əlbəttə ki, bundan ötrü lazım olan təhlükəsiz mühit öz ölkəsinin maraqlarına xidmət edən hər bir lider üçün olduğu kimi Tramp üçün də önəmlidir”.

Xatırladaq ki, 2025-ci il avqustun 8-i Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə birgə bəyannamə imzalayıb. Bəyannamə Azərbaycanın cənub-qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı yaradılmasını da nəzərdə tutur. Layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəsidir və bu ölkənin Prezidenti Donald Trampın adını daşıyır: Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu. İngiliscə qısaltma belədir: TRİPP.

Medianews.az

Bizə qoşulun