Oynaq ağrıları əsasən iltihabi proseslər nəticəsində yaranır və gündəlik həyatı çətinləşdirə bilər.
Medianews.az xəbər verir ki, əksər hallarda ağrıkəsicilərdən istifadə olunsa da, mütəxəssislər bəzi təbii vasitələrin də ağrının azalmasına kömək edə biləcəyini bildirirlər.
Zərdəçal (sarı kök) – Tərkibindəki kurkumin maddəsi iltihabəleyhinə təsir göstərir. Yarım çay qaşığı zərdəçalı ilıq su və ya südə əlavə edərək gündə bir dəfə qəbul etmək tövsiyə olunur. Təsirin artması üçün az miqdarda qara istiot əlavə edilə bilər.
Zeytun yağı – İlıq zeytun yağı ilə ağrıyan nahiyəyə dairəvi hərəkətlərlə masaj etmək qan dövranını yaxşılaşdıraraq gərginliyi azalda bilər. Xüsusilə axşam saatlarında tətbiqi rahatladıcı təsir göstərir.
Kələm yarpağı – Yüngül əzilmiş təzə kələm yarpağı ağrıyan oynağın üzərinə qoyularaq pambıq parça ilə sarınır. Ən azı 30 dəqiqə saxlanılması məsləhət görülür. Bu üsul xüsusilə diz və dirsək nahiyəsində geniş istifadə olunur.
Alma sirkəsi – Bir stəkan ilıq suya bir çay qaşığı təbii alma sirkəsi əlavə edilərək gündə bir dəfə qəbul edilə bilər. Həmçinin su ilə durulaşdırılaraq masaj məqsədilə də istifadə oluna bilər.
Qeyd edək ki, bu üsullar yardımçı xarakter daşıyır və güclü və ya davamlı ağrılar zamanı həkim məsləhəti mütləqdir.
Medianews.az