“BaBala TV”nin aparıcısı və sosial media fenomeni Oğuzhan Uğur “Ahbap” Dərnəyi ilə bağlı istintaq çərçivəsində saxlanılıb.
Medianews.az xəbər verir ki, bununla bağlı Türkiyə mediyası məlumat yayıb.
Onun evində polis axtarış aparıb.
Saxlanılmanın səbəbi və istintaqın əhatə dairəsi ilə bağlı rəsmi qurumlar hələlik ətraflı açıqlama verməyiblər.
Qeyd edək ki, İstanbul Respublika Prokurorluğunun koordinasiyası ilə "cinayət törətmək məqsədilə təşkilat yaratma", "külli miqdarda dələduzluq" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" maddələri üzrə genişmiqyaslı istintaq aparılır.
İstintaq çərçivəsində hazırlanan MASAK hesabatları, bank hesabları üzrə araşdırmalar, texniki və fiziki müşahidələr nəticəsində şübhəlilərin maliyyə vəziyyətinə uyğun gəlməyən iri məbləğli pul köçürmələri həyata keçirdiyi, öz aralarında böyük məbləğdə vəsait transfer etdiyi, mərc və şans oyunlarına yüksək məbləğlər yatırdığı müəyyən edilib. Araşdırmalar zamanı onların qısa müddətdə öz aralarında çoxsaylı daşınmaz əmlak alqı-satqısı həyata keçirdiyi də aşkarlanıb.
Əldə olunan sübutlar əsasında iyulun 12-də keçirilən ilk əməliyyatda Ahbap Dərnəyinin təsisçisi Haluk Levent də daxil olmaqla 17 nəfər saxlanılıb. Sonrakı əməliyyatlarda daha 9 şübhəli tutulub. Məhkəməyə çıxarılan 25 nəfərdən 14-ü, o cümlədən Haluk Levent barəsində həbs qətimkan tədbiri seçilib, 11 nəfər haqqında isə məhkəmə nəzarəti tədbiri tətbiq edilib.
İstintaqın davamı olaraq İstanbul, İzmir, Kocaeli və Muğlada eyni vaxtda keçirilən əməliyyatlar zamanı daha 17 şübhəli saxlanılıb.
