Almaniya və Fransada təsirli olan güclü dolu fırtınaları gündəlik həyata ciddi mənfi təsir göstərib. Küləyin sürəti saatda 80 kilometri ötüb. Qolf topu böyüklüyündə yağan dolu avtomobillərin şüşələrini sındırıb.
Medianews.az xəbər verir ki, güclü yağış və dolu nəticəsində bir çox yol ağ örpəyə bürünüb, qalın buz təbəqəsi ilə örtülüb, bəzi ərazilərdə isə sel hadisələri baş verib.
Fransanın Şarant-Maritim (Charente-Maritime), Ardeş (Ardèche) və Kot-d'Or (Côte-d'Or) bölgələrində yüzlərlə evə, onlarla avtomobilə və təxminən 500 hektar üzüm bağına ziyan dəyib. Almaniyanın Reutlingen şəhərində isə küçə və prospektlər dolu yığınları ilə örtülərək sanki buz çaylarına çevrilib.
Meteorologiya qurumları yaxın günlərdə yeni fırtınaların baş verə biləcəyi barədə xəbərdarlıq edib. Avropa eyni zamanda təsirini davam etdirən isti hava dalğası ilə də mübarizə aparır. Bildirilir ki, yaxın günlərdə Cənubi Avropada havanın temperaturu 45-50 dərəcəyədək yüksələ bilər./Lent.az