UEFA-nın klub turnirlərində 2026-2027 mövsümünün ilk təsnifat mərhələləri bitib, ələnmə və keçidlərdən sonra 211 komanda qalıb: Çempionlar Liqasında 67, Avropa Liqasında 39, Konfrans Liqasına 105 komanda var.
Medianews.az xəbər verir ki, hər üç turnirdə daha üç təsnifat mərhələsi oynanacaq, Çempionlar Liqasından ələnənlər Avropa Liqasına, Avropa Liqasından ələnənlər Konfrans Liqasına köçəcək.
36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanların 1/8 finala, 9-24-cü yerləri tutanların 1/16 finala çıxması nəzərdə tutulur.
Azərbaycan 4 təmsilçi ilə yarışır: “Sabah” Çempionlar Liqasında, “Qarabağ” Avropa Liqasında, “Zirə” və “Neftçi” Konfrans Liqasında yer alır. “Sabah”ın rəqibi KuPS (Finlandiya), “Qarabağ”ın rəqibi SSKA (Bolqarıstan), “Zirə”nin rəqibi “Payde” (Estoniya), “Neftçi”nin rəqibi “Dinamo”dur (Minsk, Belarus).
55 üzvü olan UEFA-nın klub reytinqində Azərbaycan 26-cı pillədədir.
Reytinq klub turnirlərinin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Çempionlar Liqasının liqa mərhələsinə düşən komandalar 6 bonus xalı alır, həmin raundda ilk 8 pilləni tutan komandalara 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalara 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalara 2 bonus xalı verilir, 1/8 finaldan başlayaraq hər mərhələ 1,5 bonus xalı qazandırır.
Avropa Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar 6 bonus xalı, 9-16-cı yerləri tutan komandalar 4 bonus xalı, 17-24-cü yerləri tutan komandalar 2 bonus xalı alır, 1/8 finaldan başlayaraq hər mərhələ 1 bonus xalı gətirir.
Konfrans Liqasının liqa mərhələsində ilk 8 pilləni tutan komandalar üçün 4 bonus xalı, 9-16-cı yerləri tutan komandalar üçün 2 bonus xalı, 17-24-cü yerləri tutan komandalar üçün 1 bonus xalı nəzərdə tutulur, 1/8 finaldan başlayaraq hər mərhələ 0,5 bonus xalına bərabər olur.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
Azərbaycan bu mövsüm 1,500 əmsal əldə edib.
Toğrul Əli,
Medianews.az