Medianews.az
Niyə təcrübəli mütəxəssislər
117 baxış

Niyə təcrübəli mütəxəssislər özlərinə şübhə edirlər?

İş prosesində rast gəlinən "saxtakarlıq sindromu" (imposter syndrome) və real peşəkar səriştəsizlik zahirən bənzər duyğular yaratsa da, onların həlli yolları müxtəlifdir.

 Rusiyalı biznes psixoloqu Oksana Panina "İzvestiya" nəşrinə müsahibəsində bu mövzuya aydınlıq gətirib.

Mütəxəssis qeyd edir ki, "saxtakarlıq sindromunun" daim uğursuzluqdan qaynaqlandığını düşünmək yanlışdır. Bəzən əməkdaşlar tapşırıqları yerinə yetirə bilməsələr də, öz qabiliyyətlərinə şübhə ilə yanaşmırlar. Lakin peşəkar kadrlar böyük uğurlara imza atdıqdan sonra da daxili gərginlik və şübhə yaşamağa davam edirlər.

Psixoloqun sözlərinə görə, psixoloji narahatlıqla real bacarıqsızlıq arasındakı fərqi müəyyən etmək böyük əhəmiyyət daşıyır. Vəziyyətdən asılı olaraq, şəxs ya özünəinamını yüksəltməli, ya da mövcud karyera inkişafına yenidən baxmalıdır.

"Kadrın peşəkarlığı və təcrübəsi artdıqca, özünə verdiyi suallar da çoxalır. Bu paradoksal vəziyyətin sadə izahı var: böyük təcrübə toplayan şəxs öz uğurlarına öyrəşir və onları adi hal kimi qəbul edir. Onun gəldiyi səviyyə özü üçün normaya çevrilsə də, ətrafdakılar üçün yüksək zirvə sayılır. Bu səbəbdən güclü kadrlar əldə etdikləri nəticələri kiçildir, özlərinə və işdəki uğurlarına qeyri-obyektiv yanaşırlar", - deyə Oksana Panina vurğulayıb.

Bununla yanaşı, işçinin vəzifəsinə uyğun gəlmədiyini göstərən spesifik əlamətlər də var. Təlimlərə rəğmən təkrarlanan xətalar, davamlı mənfi rəylər və işlərin başqa əməkdaşlara dövr edilməsi ciddi xəbərdarlıq siqnalı hesab olunmalıdır. Psixoloq qeyd edir ki, bu, yaxınlaşan dəyişikliklərin səssiz, lakin aydın göstəricisidir.

Mütəxəssisin fikrincə, işə qarşı həvəssizlik, emosional tükənmə və ya inkişafın dayandığını hiss etdiyiniz an peşəni dəyişmək barədə düşünmək lazımdır. O bildirir ki, əksər insanlar yenilik qorxusuna görə öyrəşdikləri iş yerindən ayrıla bilmirlər. Düzgün qərar qəbul etmək üçün mövcud işdə qalmağın və ya fərqli sahəyə yönəlməyin hansı maraq və məmnunluq gətirəcəyini obyektiv dəyərləndirmək mütləqdir./oxu.az

Bizə qoşulun