Medianews.az
Niyə bu qədər yer boş qalıb? –
617 baxış

Niyə bu qədər yer boş qalıb? – AÇIQLAMA

Dövlət İmtahan Mərkəzinin açıqladığı statistikaya görə, bu il müsabiqədə 88 min 756 abituriyent iştirak edib, onlardan 57 min 236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali məktəblərə qəbul olunub. Lakin buna baxmayaraq, 3100-dən artıq plan yeri boş qalıb.

Bu qədər yerin boş qalmasının səbəbi nədir? Boş qalan yerlərin avqustun 28-dən sentyabrın 2-dək keçiriləcək ixtisas seçiminin ikinci cəhdindən sonra dolacağı nə dərəcədə gözləniləndir?

Medianews.az saytı bu suallarla təhsil eksperti Kamran Əsədova müraciət edib.

K.Əsədov vurğulayıb ki, Azərbaycanda ali məktəblərə qəbul prosesinin bu ilki nəticələri bir daha göstərdi ki, sistemdə struktur boşluqlar qalmaqdadır.

Ekspertin fikrincə, 3100-dən artıq plan yerinin dolmaması həm dövlətin ayırdığı maliyyə resurslarının səmərəsiz istifadəsini, həm də qəbul mexanizmlərində ciddi uyğunsuzluqları üzə çıxarır:

“Boş yerlərin yaranmasının bir neçə əsas səbəbi var. Birincisi, abituriyentlərin ixtisas seçimində dar çərçivədə hərəkət etməsidir. Yüksək bal toplamasına baxmayaraq, bir çox gənc yalnız 1–2 “arzulu ixtisas” yazır, digər ixtisaslara isə maraq göstərmir. Nəticədə həmin yerlər boş qalır.

İkincisi, bəzi ixtisasların əmək bazarında perspektivinin zəif olmasıdır. Məsələn, kənd təsərrüfatı, bəzi pedaqoji və texniki sahələr üzrə plan yerləri daha çox ayrılır, amma abituriyentlərin marağı az olduğundan həmin yerlər doldurulmur.

Üçüncü səbəb dövlətin planlaşdırma siyasətinin səriştəsizliyidir. “Təhsil haqqında” Qanunun 14.2-ci maddəsində göstərilir ki, kadr hazırlığı əmək bazarının tələblərinə uyğun təşkil edilməlidir. Amma real vəziyyət göstərir ki, plan yerləri əmək bazarının tələblərini deyil, formal statistikanı əsas götürərək müəyyən edilir. Bu səbəbdən, reallıqla uyğunlaşmayan yerlər boş qalır.

Müsbət tərəf odur ki, ikinci ixtisas seçimi mərhələsi abituriyentlər üçün əlavə imkan yaradır. Avqustun 28-dən sentyabrın 2-dək keçiriləcək bu mərhələdə həmin 3100 yer üçün seçim imkanı açılacaq. Bu, bəzi abituriyentlər üçün ikinci şans deməkdir. Lakin mənfi tərəfi odur ki, həmin yerlərin çoxu yenə də maraq doğurmayan ixtisaslarda olacaq. Əgər abituriyent birinci seçimdə həmin sahələrə maraq göstərməyibsə, ikinci seçimdə də maraq göstərməsi az ehtimal olunur. Bu səbəbdən boş yerlərin hamısının dolacağı real görünmür”.

K.Əsədovun sözlərinə görə, dünya təcrübəsinə baxanda, belə situasiyalar üçün müxtəlif mexanizmlər tətbiq olunur: “Almaniyada və Fransada boş qalan yerlər üçün əlavə qəbul turları keçirilir, tələbəyə yaxın sahələrdə avtomatik keçid imkanı yaradılır. Türkiyədə isə “ek yerleştirme” mexanizmi tətbiq olunur və bu mərhələdə boş yerlərin əksəriyyəti dolur, çünki dövlət universitetlərinin təhsil haqqı nisbətən aşağıdır və maraq artır. Azərbaycanda isə ikinci seçim də eyni qaydalarla aparıldığından, yalnız az bir hissəsinin dolacağı ehtimal olunur.

Ən ciddi problem Elm və Təhsil Nazirliyinin bu məsələdə heç bir strateji plan ortaya qoymamasıdır. Nazirlik hər il eyni rəqəmləri təkrar edir, amma niyə yerlərin boş qaldığını araşdırmır, hansı ixtisasların niyə maraq doğurmadığını təhlil etmir. Dövlət İmtahan Mərkəzi də yalnız imtahanı keçirib statistik nəticə açıqlamaqla kifayətlənir. Maarifləndirmə işi aparılmır, abituriyentlərə risklər izah edilmir, seçim zamanı yönləndirici bələdçilik edilmir. Nazirliyin qrant layihələri nəticəsiz qalır, resurslar göyə sovrulur. Bu səbəbdən cəmiyyət təhsil sisteminə inanmır, iş adamları dəstək vermir, valideynlər isə təhsil xərclərini yük kimi görürlər.

Nəticə olaraq, 3100 boş yerin yaranması sistemin zəif planlaşdırılmasının və abituriyentlərin dar seçim davranışının nəticəsidir. İkinci seçim mərhələsində bu yerlərin bir hissəsinin dolacağı gözlənilir, amma hamısının dolması real deyil. Çıxış yolu yalnız statistikaları açıqlamaq deyil, təhsil siyasətinin yenilənməsi, əmək bazarının tələblərinə uyğun plan yerlərinin ayrılması, abituriyentlərin düzgün maarifləndirilməsi və real yönləndirici mexanizmlərin yaradılmasıdır. Əks halda, hər il minlərlə boş yer qalacaq, minlərlə gənc isə arzularını reallaşdıra bilməyəcək”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun