Medianews.az
Neft-qaz sektorunda maaşlar -
266 baxış

Neft-qaz sektorunda maaşlar - Başqa maaşlardan nə qədər üstündür?

2025-ci il oktyabrın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqı 1087,7 manat göstərilib.

Medianews.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, neft-qaz sektorunda orta maaş 3843,9 manat, qeyri-neft/qaz sektorunda 1036,5 manat olub. Fərq 2807 manatı ötür. Hesabat dövrünə qeyri-neft/qaz sektorunda 1 milyon 750,1 min nəfərin, neft-qaz sektorunda isə cəmi 31,3 min nəfərin çalışdığı xəbər verilir.

Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.

Rəsmi açıqlamaya görə, yanvar-sentyabr aylarında orta maaş 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artıb.

Ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir.

Kişilər 65, qadınlar 64 yaş yarımda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.

2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.

Əmək pensiyasının minimum məbləği 320 manatdır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun