Medianews.az
Nazirliyin teatr qərarı nəyi dəyişəcək? –
118 baxış

Nazirliyin teatr qərarı nəyi dəyişəcək? – Teatrşünasdan AÇIQLAMA

Mədəniyyət Nazirliyi “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərini əsas götürərək dövlət teatrlarının idarəetmə sistemini - əsasnamələrini, strukturunu və ştat cədvəllərini dəyişib. Beləliklə, ölkəmizin dövlət teatrlarında baş rejissor, baş rəssam, bədii rəhbər ştatları ləğv edilib.

Bu ştatların ləğvi teatrların yaradıcı fəaliyyətinə necə təsir göstərəcək? Yaradıcı qərarların qəbulunda məsuliyyət indi kimlərin üzərinə düşəcək?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında teatrşünas Aliyə Dadaşova bildirib ki, Mədəniyyət Nazirliyi xüsusən teatrla bağlı məsələlərdə özünü qapalı aparır: “Yəni nəyi hansı məqsədlə, necə edir, hansı gözləntiləri var - bu barədə ətraflı açıqlama verilmir. Bəli, qanunvericiliklə müəyyən olunmuş tələblərə, hüquqi əsaslara istinad edirlər. Amma bu, kifayət deyil. Qərardan nazirliyin gerçək gözləntiləri nədir, bu addımla hansı problemləri həll etmək istəyirlər? Ümumiyyətlə, tək bu qərardan deyil, teatrdan gözləntiləri nədir? Mədəniyyət konsepsiyasında teatrın yerini necə görürlər, teatra yanaşma necədir, bunu bilmək istərdim”.

A.Dadaşova qeyd edib ki, dövlət teatrları ilə bağlı verilmiş qərar məsuliyyət və tabeçiliyin yaradıcı şəxslərdən birbaşa nazirliyə keçdiyi anlamına gəlir: “Bəs bu, gerçək bir keyfiyyət dəyişikliyinə gətirəcəkmi? Açığı, mən inanmıram. Görünür, mədəniyyətə yanaşma, münasibət köklü şəkildə dəyişməlidir. Bəlkə o zaman nə isə dəyişə bilər. Açıq, şəffaf, hesabatlı mühit yaranmalıdır. Elə bir mühit ki, orada dialoq, sorğu-sual, müzakirə, mübahisə də mümkündür. Hər qərarın açıqlaması, ətraflı izahı olmalıdır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun