“Dostlarla birlikdə suüstü şahmat turniri keçirməyi planlaşdırırıq. Adam yığılsa həqiqətən də bu turniri keçirmək niyyətindəyik. Bu idman sahəsində ilk turnir olacaq. Özü də soyuq suda. Bunun üçün uyğun şahmat lövhəsi və fiqurları lazımdır. Seçiləcək adamlar suya, soyuğa dözümlü olmalıdırlar. Şahmatı yaxşı oynayanlar çoxdur, amma soyua dözən insanlar azdır”
Bunu Medianews.az-a açıqlamasında qış ayında dənizdə çimdiyi görüntülərlə gündəmə gələn həvəskar üzgüçü Rasim Namazov deyib.

O daha sonra əlavə edib: “Əslində nə qədər qəribə səslənsə də sualtı şahmat oyunu var. Dənizdə sualtı olmağı çətin işdir, sualtı ancaq baseynlərdə mümkündür, bizdə dənizdə soyuq suüstü şahmat olacaq. Sualtı şahmat oynayıblar”.
Rasim Namazov bildirib ki, onun soyuq suda ilk dəfə çimdiyini görən insanlar təəccüblənirlər və daha sonradan öyrəşirlər: “İlk dəfə görən insanlar təəccüblənirlər. Sonradan demirlər. Onu artıq demək mənasız olar. Çünki evdə, qohumlar hamı görür ki, 4 ildir dənizdəyəm, xəstələnmirəm. Özləri də görür ki, onlar qışda kurtkada donanda, mən nəzik köynəkdə belə donmuram. İnternetdə çoxdan izləyənlərdə artıq hər gün görür ki, dənizdəyəm. Neçə nəfər bizə baxıb dənizə girir. Sayımız çoxalır”.

Üzgüçü vurğulayıb ki, canlı yayımda soyuq suda çimdiyini görən insanlar onun müxtəlif xəstəliklərə tutulacağını zənn edirlər. “Kurtkada məni görənlər üşüyür. Sosial şəbəkədəki canlı yayımlara çox adam girir və müxtəlif xəstəlik adları çəkirlər. Deyirlər ki, ciyər şişəcək, sətəlcəm, pnevmoniya, meningit olacaqsan, xəstələnib öləcəksən, nə var soyuq suda? Düzdür, indi yazanlar azalıb. Amma yenə də tək-tük adamlar var ki, yazırlar. 4 ildir ki, xəstələnmirəm, immunitet yaranıb. Soyuq suya girirəm, həm də qorxularıma qalib gəlirəm. Boğazımda xəstəliklər var idi. Soyuq suya girəndən sonra heç bir xəstəliyim qalmadı. Ziyanları da var. Həkimlə məsləhətləşmək lazımdır. Kimsə özbaşına soyuq suya girməsin. Ürək, sinir, hipertoniya problemləri varsa bu böyük problem yarada bilər. Ürək problemi olan insan dənizə girəndə şok yaşaya bilər, ürəktutma ola bilər. Bizə baxıb deməsinlər ki, “biz də bunu edə bilərik”. İlk növbədə həkimin icazəsi olmalıdır” deyə Rasim Namazov bildirib.
Əli Əsgər
Medianews.az



