Medianews.az
Mikayıl Müşfiqin xatirə muzeyinə gedən ziyalılar ŞOK YAŞADILAR:
266 baxış

Mikayıl Müşfiqin xatirə muzeyinə gedən ziyalılar ŞOK YAŞADILAR: "Körpü uçub, muzeyi şəhərə köçürürlər” - VİDEO

İyun ayının 6-da bir qrup ziyalı hər il olduğu kimi Mikayıl Müşfiqin anım günündə şairin Xızının Sayadlar kəndində yerləşən xatirə muzeyinə yollanıb. Aramsız yağan yağışlar nəticəsində Tıx çayında yaranan sel qəzalı və baxımsız vəziyyətdə olan muzeyin nəinki otaqlarına, həmçinin həyətinə də ziyan vurub. Belə ki, sel muzeyə gedən yolda olan bənd-körpünü uçurub, həyətə və yaşıllığa ziyan vurub. Xatirə muzeyinə gələn şəxslər körpünün əvəzinə müvəqqəti qoyulan dəmir parçası üzərindən keçərək çətinliklə də olsa muzeyi ziyarət etməyə müvəffəq olublar.

Professor, musiqişünas Abbasqulu Nəcəfzadə bu haqda Medianews.az-a açıqlama verib.

O, həqiqətən də muzeydə vəziyyətin acınacaqlı olduğunu vurğulayıb:

“Mikayıl Müşfiqin anım günündə Xızının Sayadlar kəndində yerləşən xatirə muzeyinə yollandıq. Muzeyə gedən yoldakı körpünü sel yuyub aparıb. Həmin keçidin üstünə balaca bir dəmir parçası qoyublar. O da deşik-deşikdir. Hündürdaban geyinən qadınlar ümumiyyətlə oradan keçə bilmirdi. Yerişində qüsur olan yaşlı adama da keçmək çətinlik törədirdi. Çünki kimsə qoluna girib keçirə də bilmir. Dəmir bənd aşa bilər. Tez-tez ziyarətçilər gəlib-gedir. Müvəqqəti də olsaydı gərək nəsə düzəldərdilər. 2 metr yolu keçmək utancvericidir”.

Abbasqulu Nəcəfzadə bildirib ki, muzey Xızı şəhərinə köçürüləcək:

“Məndə olan məlumata görə muzeyin işçilərini Xızı rayonundakı binaya köçürürlər. Bu evi də Mədəniyyət Nazirliyinin balansından çıxarıb, Müşfiqin nəslindən olan İsmayılzadələr ailəsinə veriblər. Bu ev də vaxtilə Əbülhəsən əmi, Cabir Novruz, Əliabbas Qədirov, Əmirhüseyn Məcidov kimi ziyalıların təşəbbüsü ilə yaradılıb. Əbdülhəsən kişi bir çox şeyləri və Mikayıl Müşfiqin büstünü öz vəsaiti ilə hazırlayıb. Allah onların hər birinə rəhmət etsin” deyə o bildirib.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun