Medianews.az
Metroda ölümün bəlli olmayan tərəfləri var
343 baxış

Metroda ölümün bəlli olmayan tərəfləri var

Aprelin 21-i saat 12:10-da Bakı metrosunun “Ulduz” və “Nərimanov” stansiyaları arasında təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlıq bütün stansiyaların müvəqqəti bağlanmasına gətirdi. Saat 15:00-da metro fəaliyyətini bərpa etdi, axşam isə – saat 20:20-də “28 May” stansiyasında faciə baş verdi: qatar yoluna düşən bir sərnişin həlak oldu.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “28 May”dakı hadisə barədə məlumatında bildirilir ki, sərnişin qatar yoluna düşən kimi dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və əraziyə təcili tibbi yardım briqadası çağırılıb, həkimlərin səylərinə baxmayaraq sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Metropolitenin məlumatına görə, yüksək gərginlik bərpa ediləndən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib. Bu hadisə həmin axşam qatarların hərəkət intervalında əlavə yubanmalara da səbəb olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də məsələ ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, aprelin 21-i saat 20:30 radələrində Bakı metrosunun “28 May” stansiyasından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: “Çağırış ünvanına yollanan təcili tibbi yardım briqadası 2004-cü il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktını qeydə alıb”.

Həlak olan gəncin ad-soyadını və ata adını isə jurnalistlər Daxili İşlər Nazirliyindən öyrəniblər: Elnur İlqar oğlu Ağayev.

21 yaşlı gənc qatar yoluna niyə düşüb?

Rəsmi məlumatda “yıxılıb” yox, “düşüb” ifadəsinin işlədilməsindən belə anlaşılır ki, Elnur Ağayev qatar yoluna yıxılmayıb, özü düşüb.

Bəs onda ani ölüm nədən baş verib? Qatar vurub, ya yüksək gərginlikli elektrik cərəyanı? Bəlkə Elnur ağır travma, məsələn, kəllə-beyin travması alıb?

Bu suallara cavab tapmaq üçün Medianews.az bir neçə rəsmi instansiyaya üz tutub, amma məsələyə aydınlıq gətirmək mümkün olmayıb.

“Bakı Metropoliteni”ndən sayta deyiblər ki, sərnişinin ölüm səbəbi ilə bağlı aidiyyəti quruma - TƏBİB-ə müraciət edilməlidir.

TƏBİB-dən deyiblər ki, həkiməqədər ölüm olub, yəni həkimlər hadisə yerinə çatanacan Elnur Ağayev ölübmüş, həkimlər yalnız bu faktı qeydə alıblar, səbəbi isə bilmirlər.

Səhiyyə Nazirliyindən bildiriblər ki, ölümün səbəbini hüquq-mühafizə orqanlarından soruşmaq gərəkdir.

Medianews.az hüquq-mühafizə orqanlarına da müraciət edib. Lakin cavab almayıb.

Medianews.az

Bizə qoşulun