Niderlandda tanınmış arxeoloq Vim Deykman məşhur fransız muşketyoru d’Artanyana (Qraf d’Artanyan kimi tanınan Şarl de Batz de Kastelmor, XIV Lüdovikin qvardiya muşketyorlarının kapitanı kimi xidmət etmiş fransız əsgəri, A.Dümanın “Üç muşketyor” əsərinin qəhrəmanının prototipi) aid olduğu ehtimal edilən sümük qalıqlarını gizlətməkdə şübhəli bilinərək saxlanılıb.
Bu barədə “PZC” nəşri alimin ailəsinə istinadən məlumat yayıb.
Bir müddət sonra “De Limburger” qəzeti arxeoloqun sözügedən qalıqları rəsmi qurumlara təhvil verdikdən sonra sərbəst buraxıldığını yazıb.
Məlumata görə, söhbət tapılan çiyin sümüyü və iki dişdən gedir. Bir müddət əvvəl bu qalıqlarla bağlı tərəflər arasında hüquqi mübahisə yaranmışdı. Skelet fraqmentləri Maastrixt şəhərində aşkarlandığı üçün yerli bələdiyyə onların dərhal dövlətə geri qaytarılmasını tələb edib. Lakin Vim Deykman tarixi qalıqları özbaşına götürərək evində gizlədib.
Bu hadisədən sonra Maastrixt bələdiyyəsi ilə arxeoloq arasında münasibətlər kəskinləşib. Maraqlıdır ki, Deykman 2026-cı ildə “Maastrixtin arxeologiyası və irsinin qorunmasına verdiyi böyük töhfəyə görə” cəngavər tituluna layiq görülmüşdü.
May ayında İrs Müfəttişliyi tərəfindən keçirilən qəfil yoxlama zamanı sümük qalıqlarının təhvil verilməsi tələb olunsa da, arxeoloq bundan qətiyyətlə imtina edib. O, qalıqları etibarlı bir şəxsə saxlanılması üçün verdiyini və onların hazırda xüsusi seyfdə qorunduğunu bildirib.
Qeyd edək ki, d’Artanyan aid olduğu ehtimal edilən qalıqlar martın ortalarında aşkar olunub.//Oxu.az