Medianews.az
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri
76 baxış

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir

Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir.

Medianews.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

İndiyə qədər "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədə olurdu.

Dəyişikliyə əsasən, qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin məcburi köçkün statusunu itirdikləri gündən üç il müddətində qüvvədə olacaq.

İndiyə qədər məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilərdi ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

Yeni qanuna əsasən, həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülmə şərti aradan qaldırılır. Başqa sözlə, belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərə başqa yaşayış sahəsi təklif etməlidirlər.

Bundan başqa, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirlərinin qüvvədə olma müddəti onların belə yaşayış sahələri ilə təmin edildiyi vaxtdan hesablanır.

Eyni zamanda, bu qanun qüvvəyə mindiyi tarixədək dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən məcburi köçkünlərin təhsil haqqı onlar təhsilini başa vurduğu müddətədək dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Həmçinin məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşib.

İndiyə qədər məcburi köçkün əvvəl, adətən, yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.

Qanuna əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.

Bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu qanun qüvvəyə mindiyi tarixdən itirilir.

Yeni qanuna görə, şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.

Bizə qoşulun