Venesuela prezidenti Nikolas Maduronun saxlanılması əməliyyatında iştirak edən ABŞ xüsusi təyinatlısı məxfi məlumatlardan istifadə edərək proqnoz bazarlarında mərc etdiyi üçün həbs olunub.
Medianews.az bildirir ki, 38 yaşlı baş çavuş Qannon Ken Van Dayk Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı gizli hərbi məlumatları şəxsi qazanc üçün istifadə etməkdə ittiham olunur.
Van Dayk əməliyyatın başlamasına bir neçə saat qalmış “Polymarket” platformasında Maduronun hakimiyyətdən kənarlaşdırılacağına dair təxminən 33 min dollar məbləğində mərc edib. Bu riskli addım ona 400 min dollardan çox təmiz qazanc gətirib.
Fort-Brəqq bazasında xidmət edən Van Dayk “Absolute Resolve” (“Qətiyyətli qərar”) adlı əməliyyatın planlaşdırılmasında rabitə mütəxəssisi kimi iştirak etdiyi üçün hücumun dəqiq vaxtını əvvəlcədən bilib.
İttihama görə, o, qazandığı vəsaiti xarici kriptovalyuta cüzdanına köçürüb və sonradan öz hesabını silməyi xahiş edərək kimliyini gizlətməyə çalışıb.
ABŞ prezidenti Donald Tramp baş vermiş hadisəni beysbolçu Pit Rouzun öz komandasına mərc etməsi ilə müqayisə edərək, dünyanı “böyük bir kazinoya” bənzədib: “Bu, Pit Rouzun öz komandasına mərc etməsi kimidir. Təəssüf ki, bütün dünya bir növ kazinoya çevrilib”.
Hazırda hərbçi dövlət məlumatlarının oğurlanması, fırıldaqçılıq və çirkli pulların yuyulması maddələri ilə ittiham olunur.
2013-cü ildən Venesuelanın prezidenti olmuş Nikolas Maduro 2026-cı il yanvarın 3-də ABŞ xüsusi təyinatlılarının Karakasda keçirdiyi hərbi əməliyyatda tutularaq ABŞ-a aparılıb.
Maduro ABŞ-da narkoterrorizm, korrupsiya və ABŞ-a kokain daşınması üçün sui-qəsd təşkil etmək kimi ağır cinayətlərdə ittiham olunur.
Maduro 5 yanvar 2026-cı ildə Nyu-York federal məhkəməsinə çıxarılıb və özünü təqsirsiz hesab etdiyini bildirib. Hal-hazırda o, Bruklindəki Metropoliten İstintaq Təcridxanasında saxlanılır.