Medianews.az
Köçəryan neçə mandat itirdi?
180 baxış

Köçəryan neçə mandat itirdi?

Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrinə görə, qanunverici orqan 105 nəfərdən ibarət olur, baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası 64, Güclü Ermənistan bloku 29, Ermənistan bloku 12 mandat alır.

Medianews.az bildirir ki, Ermənistan parlamenti azı 101 nəfərlikdir, seçkilərin nəticələri əsasında say tərkibi arta bilir.

2021-ci ildə seçilmiş indiki parlament 107 nəfərlikdir. Vətəndaş Sazişi Partiyasının 69, Ermənistan blokunun 28, sabiq prezident Serj Sərkisyana bağlı “Qürurluyam” blokunun 6, müstəqillərin 4 mandatı var.

Serj Sərkisyanın Ermənistan Respublikaçılar Partiyası 7 iyun seçkisinə qatılmayıb.

Güclü Ermənistan bloku parlamentdə yeni qüvvədir. Bu blokda aparıcı qüvvə Samvel Karapetyanın liderlik etdiyi Güclü Ermənistan Partiyasıdır. 1965-ci il təvəllüdlü Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən biznesmendir. 2025-ci ilin iyun ayında hakimiyyəti zorla ələ almağa çağırış ittihamı ilə həbs edilib, dekabrda ev dustaqlığına buraxılıb. Güclü Ermənistan Partiyası 2026-cı ilin yanvarında təsis olunub.

Ermənistan bloku indiki parlamentlə müqayisədə 16 mandat itirir. Bu bloka Robert Köçəryan liderlik edir. 1954-cü il təvəllüdlü Robert Köçəryan 1992-1997-ci illərdə Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı olub. 1997-ci ilin martında Ermənistanın baş naziri postuna keçib. 1998-ci ilin fevralında prezident Levon Ter-Petrosyan istefa verib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.

1975-ci il təvəllüdlü Nikol Paşinyan baş nazir kürsüsünə 2018-ci il mayın 8-də inqilab dalğasında oturub. Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.

7 iyun seçkisində qələbə Nikol Paşinyana yenidən təkbaşına hökumət qurmaq imkanı verir.

Medianews.az

Bizə qoşulun