Medianews.az
Kiyev niyə ictimai nəqliyyatda gediş haqqını qaldırmağı planlaşdırır?
124 baxış

Kiyev niyə ictimai nəqliyyatda gediş haqqını qaldırmağı planlaşdırır?

Kiyev meriyası hərbi vəziyyət bitənə qədər tariflərin dəyişməyəcəyini vəd etmişdi. Buna baxmayaraq meriya mövzunu gündəmə gətirib. Hazırda gediş haqqı 8 qrivna (0,31 AZN) olaraq qalır, lakin şəhər meri Vitali Kliçko artıq iqtisadi əsaslandırmaya əsaslanan yeni tarif hesablamalarının hazırlanmasını tapşırıb.

Tarif niyə artırılmalıdır?

Kiyevdə problem sadədir: mövcud tariflər real xərcləri qarşılamır. Avropa şəhərlərində ictimai nəqliyyat sosial xidmət sayılır və sərnişin yalnız xərclərin bir hissəsini ödəyir. Qalan hissə isə bələdiyyə tərəfindən subsidiyalaşdırılır. Bu nisbət adətən 30%-dən 70%-ə qədər dəyişir.

Ukraynada isə hibrid model var:

Bələdiyyə nəqliyyatı – subsidiyalı, özəl marşrutlar – bazar prinsipləri ilə işləyir.

Bu isə sistemin parçalanmasına və qeyri-effektivliyə gətirib çıxarır.

Tarif nə qədər ola bilər?

Hazırkı hesablamalara görə:

1 sərnişinin daşınma xərci: ~40+ qrivna (1,57 AZN)

Mümkün yeni tarif: 20–25 qrivna (0,78-0,98 AZN)

Bu, xərclərin sərnişin və büdcə arasında daha balanslı bölünməsi deməkdir. Ternopol, İvano-Frankivsk və Lvov kimi şəhərlər artıq bu istiqamətdə hərəkət edir.

Məsələn, Lvovda belə bir model müzakirə olunur:

Elektron kartla: 23 qrivna (0.90 AZN)

Bank kartı ilə: 26 qrivna (1,02 AZN)

Nağd: 30 qrivna (1,17 AZN).

Üstəlik, pulsuz transferlər də geri qaytarılır – yəni sərnişin daha çox dəyər alır.

Problem təkcə tarif deyil

Əsas məsələ çox vaxt unudulur: sərnişin axını və marşrut planlaması.

2016-cı ildə Dünya Bankı Kiyev üçün marşrut optimallaşdırılması təklif etmişdi və bu, xərcləri 13% azaltmaq potensialına malik idi.

O vaxtdan şəhər böyüyüb, amma marşrut şəbəkəsi eyni templə uyğunlaşmayıb.

Nəticə belədir: boş gedən marşrutlar, yüklənmiş xətlər, səmərəsiz xərclər.

Beləliklə, Kiyevdə tarif artımı qaçılmaz görünür. Amma əsas sual budur: Bu, təkcə qiymət artımı olacaq, yoxsa sistem islahatı ilə birlikdə gələcək?

Əgər marşrutlar optimallaşdırılarsa, cədvəllər yenilənərsə, transfer sistemi tətbiq olunarsa, onda daha yüksək tarif belə sərnişin üçün daha ədalətli və məntiqli görünə bilər.

Əks halda isə bu sadəcə daha bahalı, amma eyni dərəcədə qeyri-effektiv sistem demək olacaq.

Rauf Ağamirzəyev,
nəqliyyat məsələləri üzrə ekspert 

Bizə qoşulun