Medianews.az
Kefir yoxsa yoqurt:
107 baxış

Kefir yoxsa yoqurt: hansı daha faydalıdır?

Turş süd məhsulları bağırsaq mikroflorasını yaxşılaşdırmaq və orqanizmi zərərli maddələrdən təmizləmək üçün effektiv vasitə hesab olunur. Xüsusilə qış aylarında bu məhsullar immun sistemini gücləndirməyə kömək edir.

Kefir və yoqurt ən populyar və əlçatan turş süd məhsullarıdır. Qeyd edilməlidir ki, söhbət qatqısız, təbii yoqurtdan gedir. Yalnız bu halda o, az kalorili və asan həzm olunan məhsul sayılır.

Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, hər iki məhsulun dadı və faydaları oxşar olsa da, aralarında müəyyən fərqlər mövcuddur.

Kefir daha maye konsistensiyaya malik, turşməzə dadlı içkidir və bəzən yüngül qazlı olur. Yoqurt isə daha qatı teksturaya və yumşaq dada sahibdir.

İstehsal prosesində də fərq var: yoqurtda süd turşusu fermentasiyası baş verir. Onun hazırlanmasında Lactobacillus bulgaricus (bolqar çöpü) və Streptococcus thermophilus istifadə olunur. Kefirdə isə süd turşusu və spirtli fermentasiya eyni vaxtda gedir və tərkibində çoxsaylı süd turşusu bakteriyaları olan kefir mayası (kefir göbələyi) tətbiq edilir.

Bəs hansı daha faydalıdır? Mütəxəssislərin fikrincə, hər iki məhsul orqanizm üçün dəyərlidir. Seçim insanın fərdi xüsusiyyətlərindən və dad üstünlüklərindən asılıdır. Həm kefir, həm də təbii yoqurt bağırsaq sağlamlığını dəstəkləyir, immuniteti gücləndirir və balanslı qidalanmanın bir hissəsi kimi fayda verir.

Bizə qoşulun