Tənəffüs yolu infeksiyalarından sonra həftələrlə davam edən öskürək bir çox insan üçün ciddi narahatlıq yaradır.
Medianews.az xəbər verir ki, sinə xəstəlikləri üzrə mütəxəssis, professor Tevfik Özlü uzun müddət keçməyən öskürəyə diqqətlə yanaşmağın vacib olduğunu bildirib.
Onun sözlərinə görə, qış aylarında tez-tez rast gəlinən qrip və soyuqdəymədən sonra bəzi insanlarda öskürək uzun müddət davam edir. İnfeksiyanın digər əlamətləri keçsə də, gecə və gündüz tutma şəklində gələn, yuxu rejimini pozan öskürək halları yüngül qəbul edilməməlidir. Belə vəziyyətlərdə mütləq sinə xəstəlikləri üzrə mütəxəssisə müraciət etmək lazımdır.
Mütəxəssis qeyd edib ki, uzun çəkən öskürək çox vaxt tənəffüs yollarının həddindən artıq həssaslığı ilə bağlı olur. Bəzi hallarda infeksiya allergik reaksiyanı gücləndirir. Bu vəziyyət bəzi insanlarda əvvəlcədən mövcud olan astma və ya allergik rinit fonunda kəskinləşə bilər, bəzilərində isə ilk dəfə belə simptomlar ortaya çıxır.
Tevfik Özlü bildirib ki, tənəffüs yollarının həssaslığı insanlara görə fərqlənir. Bəzi şəxslər qazlar, qoxular, toz, kif göbələkləri və digər allergenlərə daha güclü reaksiya verə bilər ki, bu da öskürəyə səbəb olur.
Mütəxəssis uzun çəkən öskürəyin sadə üsullarla aradan qalxmadığını vurğulayıb. Onun sözlərinə görə, adi öskürək dərmanları, bal və bitki çayları ilə keçməyən, gündəlik həyat keyfiyyətini aşağı salan öskürək mütləq araşdırılmalıdır.
Professor əlavə edib ki, bəzən keçməyən öskürək daha ciddi xəstəliklərin əlaməti də ola bilər. Ürək çatışmazlığı və hətta ağciyər xərçəngi bəzi hallarda öskürək vasitəsilə aşkar edilir.
Normalda tənəffüs yolu infeksiyalarından sonra öskürək 3–5 gün davam edib keçir. Lakin bu müddət uzanaraq 3–8 həftəni keçərsə, səbəbin müəyyənləşdirilməsi üçün mütləq tibbi müayinə aparılmalıdır.
Medianews.az