Fevralın 28-dən ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə ilkin atəşkəs razılaşması ilə dayandırılsa da, İsrail Livan ərazisində “Hizbullah” qüvvələri ilə döyüşləri davam etdirir.
Medianews.az bildirir ki, İsrail-“Hizbullah” qarşıdurmasının 44 illik tarixi var. Yəni bu münaqişə elə “Hizbullah”ın yaradıldığı vaxtdan davam edir.
Medianews.az ABŞ-nin “Assoşieyted Press” (“Associated Press”) agentliyinə istinadla İsraillə “Hizbullah” arasındakı savaşın 2026-cı ilə qədərki əsas mərhələlərinin xronologiyasını təqdim edir.
1982 – İsrail Livan ərazisinə girib Fələstin Azadlıq Təşkilatı və təşkilatın müttəfiq qrupları əleyhinə əməliyyat keçirir. Bu dövrdə İranın dəstəyilə “Hizbullah” yaradılır və “Hizbullah” İsrailin cənubi Livanı işğal etməsinə qarşı partizan müharibəsinə başlayır.
1992 – “Hizbullah”ın lideri Abbas Musəvi İsrailin helikopterdən endirdiyi raket zərbəsi nəticəsində öldürülür. Onun yerinə Həsən Nəsrullah gəlir və təşkilata uzun illər rəhbərlik edir.
1996 – İsrail “Hizbullah”ı Litani çayı şimalına sıxışdırmaq məqsədilə hərbi əməliyyat keçirir. Birləşmiş Millətlər Təşkilatı bazasının yerləşdiyi Kana bölgəsinin atəşə tutulması nəticəsində azı 100 mülki şəxs həlak olur.
2000 – Uzun sürən qarşıdurmadan sonra İsrail qüvvələri Livanın cənubundan çıxır. Bu hadisə ərəb dünyasında “Hizbullah”ın böyük qələbəsi kimi təqdim olunur.
2006 – “Hizbullah” döyüşçülərinin İsrail patruluna hücumu bir aylıq müharibəyə səbəb olur. Döyüşlər nəticəsiz başa çatır, lakin İsrailin bombardmanları Livanın cənubunda və Beyrutun cənub ətraflarında ciddi dağıntılar yaradır. Bu dağıdıcı hərbi üsul sonradan “Dahiyə doktrinası” kimi tanınır.
2008 – “Hizbullah”ın hərbi rəhbəri İmad Muğniyə Dəməşqdə avtomobil partlayışı nəticəsində öldürülür. Hücuma görə məsuliyyət İsrailin üzərinə qoyulur.
2012 – “Hizbullah” Suriyada vətəndaş müharibəsi zamanı Bəşər Əsəd hökumətinə dəstək vermək üçün döyüşlərə qoşulur. Sonrakı illərdə İsrail vaxtaşırı Suriyada İran və “Hizbullah” hədəflərinə hava zərbələri endirir.
8 oktyabr 2023 – HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra “Hizbullah” sərhəd boyunca raket zərbələri endirir. İsrail cavab verir və o qədər də intensiv olmayan toqquşmalar başlayır.
17 sentyabr 2024 – İsrail Livanda “Hizbullah” üzvlərinə paylanan, içərisində partlayıcı qurğu olan peycerlər vasitəsilə hücum həyata keçirir. Ertəsi gün radioqəbuledicilərlə oxşar hücum baş verir. Onlarla insan ölür, minlərlə şəxs yaralanır.
27 sentyabr 2024 – Həsən Nəsrullah Beyrutun cənubunda İsrailin genişmiqyaslı hava zərbələri nəticəsində öldürülür.
27 noyabr 2024 – ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması müharibəni formal olaraq dayandırır. Buna baxmayaraq, İsrail Livanda “Hizbullah”ın yenidən silahlanmasının qarşısını almaq üçün zərbələrini davam etdirir.
2 mart 2025 – İsrail və ABŞ-ın İrana hücumundan sonra regionda genişmiqyaslı müharibə başlayır. “Hizbullah” İsrailə raket zərbələri endirir və bunu İranın ali rəhbəri Əli Xameneinin öldürülməsinə və İsrailin Livandakı hücumlarına cavab kimi izah edir.