Madrid rəhbərliyi Türkiyənin hazırladığı 5-ci nəsil KAAN döyüş təyyarəsi ilə bağlı Ankara ilə ilkin danışıqlara başlayıb.
Medianews.az xəbər verir ki, məlumatı İspaniya medias yayıb.
Xəbərlərdə bildirilir ki, İspaniyanın müdafiə sənayesi şirkətləri də layihənin istehsal və inkişaf mərhələsinə qoşula bilər. İddialara görə, tərəflər arasında daha əvvəl HÜRJET təlim təyyarəsi üzrə başlayan əməkdaşlığın KAAN layihəsinə də genişləndirilməsi müzakirə olunur.
Analitiklər mümkün əməkdaşlığın avionika sistemləri, kompozit texnologiyalar və dəniz platformaları üçün xüsusi versiyaların hazırlanmasını əhatə edə biləcəyini qeyd edirlər.
İspaniya mediası yazır ki, Madrid rəhbərliyi ABŞ istehsalı olan F-35 proqramına alternativ variantlar axtarır. Bu çərçivədə Türkiyənin milli döyüş təyyarəsi KAAN əsas seçimlərdən biri kimi dəyərləndirilir.
Mütəxəssislərin fikrincə, Avropanın FCAS layihəsində yaranan gecikmələr və müdafiə sahəsində strateji müstəqillik istəyi İspaniyanı yeni tərəfdaşlıqlara yönəldib.
Qeyd olunur ki, Türkiyənin hazırladığı KAAN layihəsinə daha əvvəl Səudiyyə Ərəbistanı, Pakistan, İndoneziya və Birləşmiş Ərəb Əmirlikləri də maraq göstərib. İndoneziyanın 48 ədəd KAAN üçün təxminən 10 milyard dollarlıq müqavilə imzaladığı bildirilir.
Türkiyənin 5-ci nəsil milli döyüş təyyarəsi KAAN-ın 2028-ci ildən etibarən silahlı qüvvələrin istifadəsinə verilməsi planlaşdırılır.
Medianews.az