İranın devrilmiş şahının mühacirətdə yaşayan oğlu Rza Pəhləvi daha bir müraciət yayıb.
Medianews.az-ın məlumatına görə, Rza Pəhləvi İranda ağır şəraitə və soyuq havaya baxmayaraq küçələrə çıxıb etiraz edən şəxslərə təşəkkürünü çatdırıb, kütləviliyi artırmağa, aksiyaları davam etdirməyə çağırış edib: “Kütləvilik nə qədər çox olursa, repressiv qüvvələr bir o qədər geri çəkilir və zorakılıq imkanları minimuma enir”.
O, iranlıları yanvarın 9-u axşam aksiyalar keçirməyə, eyni zamanda tərəddüd edənləri xalqa qoşulmağa səsləyib.
Meydanda koordinasiyanın gücləndirilməsinin vacibliyini də qeyd edən Rza Pəhləvi vurğulayıb: “Meydan liderlərini dəvət edirəm ki, hərəkətə keçmiş qrupların bir-birinə çatmasına çalışsınlar, bu, daha böyük və daha sıx kütlənin formalaşmasına gətirər”.
O, rabitə problemlərinə də toxunub: “Bilirəm, interneti kəsiblər. Bütün bunlar rejimin çarəsiz, aciz cəhdləridir”.
Rza Pəhləvi bildirib ki, etirazçılar “küçələri tərk etməyəcəklər”.
Xatırladaq ki, Pəhləvilər sülaləsi 1925-1979-cu illərdə İranı idarə edib. Rza Pəhləvi ikinci və sonuncu İran şahı Məhəmmədrza Pəhləvinin böyük oğludur.
Rza 1960-cı il oktyabrın 31-i Tehranda doğulub. 1967-ci ildən şahzadə sayılır. 1978-ci ildə ABŞ Hərbi Hava Qüvvələrində hərbi təlim keçmək üçün İranı tərk edib. Bir neçə ay sonra, 1979-cu ildə islam inqilabı nəticəsində monarxiya devrilib, Məhəmmədrza Pəhləvi ailəsinin qalan üzvləri ilə birgə ölkədən qaçıb. O vaxtdan Rza Pəhləvi ailəsi ilə birgə ABŞ-da yaşayır. Hazırda Los-Anceles şəhərində məskunlaşıb. Cənubi Karolina Universitetində politologiya üzrə ali təhsil alıb.
İran İslam Respublikası 1979-cu ildə, inqilab dalğasında yaradılıb. Dövlət başçısı səlahiyyətlərini Üləmalar Məclisinin seçdiyi ali rəhbər həyata keçirir. 1989-cu il iyunun 3-dən bu postu 1939-cu il təvəllüdlü Əli Xamneyi tutur. Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq səsverməsində 4 il müddətinə seçilir. 2024-cü il iyulun 28-dən 1954-cü il təvəllüdlü Məsud Pezeşkian prezidentdir. 290 nəfərlik ölkə parlamenti (İslam Şurası Məclisi) 4 ildən bir majoritar sistemlə (dairələr üzrə) seçilir. İndiki parlament 2024-cü ilin yazında formalaşıb.