İranda etiraz aksiyaları gülləbaran edilərkən yaralanan bir kişi üç gün morqda özünü ölülüyə vurub.
Medianews.az bildirir ki, məlumatı İranda insan hüquqları üzrə vəziyyəti sənədləşdirməklə məşğul olan, mərkəzi qərargahı ABŞ-də yerləşən mərkəz (İran Human Rights Documentation Center) yayıb.
Məlumata görə, özünü ölülüyə vuran yaralı aksiyaçı Tehran yaxınlığındakı morqda - Kəhrizək məhkəmə-tibbi ekspertiza mərkəzində cəsədlərin arasında üç gün yeməksiz, susuz, plastik örtük altında hərəkətsiz uzanıb.
Ailə üzvləri onun itkin düşdüyünü zənn edərək həmin günlər ərzində xəstəxanaları, eləcə də qəbiristanlıqları dolaşıblar. Nəhayət, moqrdan cəsədlərin üzlərinin görüntüləri sosial şəbəkələrdə yayılıb və ailə üzvləri onun Kəhrizək morqunda olduğunu öyrəniblər. Lakin ailəsi gəlib çıxanda kişinin ölmədiyi, güllə yarası aldığı və qəsdən özünü ölü kimi apardığı aydınlaşıb. Yaralı aksiyaçı xəstəxanaya köçürülüb.
O, təhlükəsizlik qüvvələrinin onu “son güllə” ilə yerindəcə öldürəcəyindən qorxduğuna görə özünü ölülüyə vurğunu söyləyib.