“Dünya iqtisadiyyatında, ümumiyyətlə iqtisadi nəzəriyyələrdə ümumi daxili məhsulun (ÜDM) 1,5-2 faizə qədər artımı ciddi artım sayılmır. Çünki bu, inflyasiyanın yaratdığı dalğavari effektdir”. Bu sözləri Medianews.az-a siyasətçi, iqtisadçı Natiq Cəfərli ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) hazırkı artım səviyyəsini şərh edərkən deyib.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 1 faiz artıb. ÜDM-də 1 faizlik artımı artım saymaq olarmı? Ötən illə müqayisə etsək, 2024-cü ildə artım 4,1 faiz olmuşdu. İndi ölkəmizdə iqtisadi artımın ən azı neçə faiz olması lazımdır ki, əhali bunu öz dolanışında hiss edə bilsin?
Medianews.az-ın suallarını cavablandırarkən ÜDM-in 1,5-2 faizə qədər artmasına ciddi artım kimi baxılmadığını qeyd edən N.Cəfərli bildirib ki, Azərbaycan iqtisadiyyatının ümumi vəziyyətini nəzərə alsaq, ölkəmizdə illik iqtisadi artım haradasa 3,5-4 faiz civarında olmalıdır: “Belə olsa, əhali iqtisadi artımı öz rifah halında duya bilər. Ona görə də, təbii ki, ölkə iqtisadiyyatındakı artımın indiki zəif tempi bizi qane edə bilməz. Çünki bir daha qeyd edirəm, Azərbaycanın potensialını və ehtiyaclarını nəzərə alsaq bizdə iqtisadi artım 3 faizdən yüksək olmalıdır. ÜDM artımı ən azı 3-5 faiz arası olmalıdır ki, insanların rifah halına müsbət təsir göstərə bilsin”.
Medianews.az xatırladır ki, 2011 və 2017-ci illəri çıxsaq (2011-ci ildə Azərbaycanda ÜDM 0,1 faiz, 2017-ci ildə 0,2 faiz artmışdı), 1 faizlik göstərici Azərbaycanda ÜDM artımında ən aşağı göstəricidir.
Azərbaycanda ÜDM-in artdığı digər illərdə göstəricilər belə olub:
2015-ci il - 1,1 faiz artım
1996-cı il - 1,3 faiz artım
2023-cü il - 1,4 faiz artım
2018-ci il - 1,5 faiz artım
2012-ci il - 2,2 faiz artım
2019-cu il - 2,5 faiz artım
2014-cü il - 2,8 faiz artım
2024-cü il - 4,1 faiz artım
2022-ci il - 4,7 faiz artım
2010-cu il - 5 faiz artım
2021-ci il - 5,6 faiz artım
1997 və 2013-cü illər - 5,8 faiz artım
1999-cu il - 7,4 faiz artım
2009-cu il - 9,3 faiz artım
2001-ci il - 9,9 faiz artım
1998-ci il - 10 faiz artım
2004-cü il - 10,2 faiz artım
2002-ci il - 10,6 faiz artım
2008-ci il - 10,8 faiz artım
2000-ci il - 11,1 faiz artım
2003-cü il - 11,2 faiz artım
2007-ci il - 25 faiz artım
2005-ci il - 26,4 faiz artım
2006-cı il - 34,5 faiz artım.
1995-ci ildə ÜDM 11,8 faiz, 2020-ci ildə 4,2 faiz, 2016-cı ildə 3,1 faiz azalıb.
Nailə Qasımova,
Medianews.az